"Satqınları bağışlamaq olmur" - Nisə Qasımova ilə yubiley söhbəti

"Satqınları bağışlamaq olmur" -  Nisə Qasımova ilə yubiley söhbəti
  13 Fevral 2024    Oxunub:2064
Bu gün xalq artisti, müğənni Nisə Qasımovanın doğum günüdür. Xanım sənətçi 70 yaşını qeyd edir.
AzVision.az bu münasibətlə müğənni ilə əlaqə saxlayıb, doğum günü təəssüratlarını öyrənib. N. Qasımova saytın əməkdaşı ilə söhbətə kompliment söyləməklə başlayıb:

- Şahanə, qızım, ilk olaraq deyim ki, sənin adından çox xoşum gəlir. “Şahanə sevgi” adında mahnı da oxumuşam. ...



- Təşəkkür edirəm...İllər öncə sizinlə müsahibə edəndə dediniz ki, içinizdə sirlər xəzinəsi var, onları gizlətməyi xoşlayırsınız. Bəlkə, üzə çıxarmağın vaxtı çatıb.

-İnsan bir əqidə ilə yaşayır. Heç vaxt dəyişmir. Qoy mənim ürəyimdə olan gizlinlər, sirlər elə orada da qalsın. Allah nəsib edərsə, onları haçansa açıqlayaram.

Mən beləyəm də, zorla özümü dəyişə bilmirəm. Oğlum Hacı Fətülla deyir ki, "Niska mama, siz çox təvazükar və sadəsiniz". Deyirəm ki, sabahdan dəyişəcəyəm, belə olmayacağam. Ancaq sonradan görürəm ki, dediyim sözlərdə uşaqsayağı bir yalan var. Çünki dəyişə bilmirəm. Ümumiyyətlə, kimi dəyişmək olur ki?!. Heç kim dəyişmir. Yaxşı ki, bu təvazükarlığımı qoruyub saxlayıram.



- "Hər gün xoşbəxtəm deyən insan dəlidir" - bunu 7 il öncə öncə söhbətimizdə demişdiniz. Fikrinizi dəyişməmisiniz ki?

- Yox, dəyişməmişəm. Hər gün xoşbəxtəm deyən insanlar dəlidirlər. Sosial şəbəkələrdə görürəm ki, kimsə ev, maşın alır, yaxud hansısa bir nailiyyəti, uğuru olur. Aman Allah özünü elə xoşbəxt sayır ki. Sabahı gün hansısa bir dəyişiklik olmayanda özünü bədbəxt hiss edir. İnsan həyatını gərək maddiyatlarla ölçməsin. Əks halda heç vaxt əsl xoşbəxtliyi dadmayacaq. Orta həddi gözləmək lazımdır. Bəzən insanın çox xoşbəxt anları olur, bəzən isə əksinə. Axı bu həyatda heç nə daimi deyil. Orta həddi tutmaq lazımdır.

-"Şahanə sevgi” mahnısını oxumusunuz. Şahanə sevgi necə olur. Onu yaşamaq sizə nəsib oldumu?
- Burada söhbət bir qadının bir kişiyə, bir oğlanın bir qıza vurğunluğundan getmir. Mən bunu oxumaqla kiməsə mesaj ötürmədim ki, sənə sevgim sahanədir.

İnsanın xarakterində bir ağayanalıq, şahanəlik olmalıdır. Çünki mənim sevgim də, nifrətim də şahanədir. İnsan xarakterindəki şahanəni qoruyub saxlamalıdır. Əmri, tövsiyyəsi də şahanə olmalıdır.



- Deyirlər, insanı yaşı deyil, yaşadıqları böyüdür, yaşlandırır.
- Mən həyatımı yaşadıqlarımla ölçürəm. Əslində mən yaşa dolmamışam, amma yaşadıqlarım, çəkdiklərim məni yaşlandırdı, müdrikləşdirdi. İçimdə iki Nisə var, biri hələ də uşaqdır, digəri isə illərini səhnəyə həsr edən müğənnidir.

- O Nisə böyümədi?
- Yox, böyümədim. Bir neçə gün öncə gördüm ki, evdəkilər hərəkətlərimə gülümsəyirlər. Deyirlər, "ay Niska, yaxşı da, uşaq deyilsən ki”. Hansısa kaprizimə belə rekaisya verirlər.

- Sizi nəfsinə satanları bağışlaya bilirsinizmi?
- Onlara məncə, yaşantınla, davranışınla dərs verməlisən. Mənə olan hörmətini, sevgisini dəyişən insanlara bir-bir yaxınlaşıb deyə bilmərəm ki, sən niyə belə adamsan. Bir mahnı ilə onlara dərs verdim. Hər bir insan öz içində səhvini bilir, etiraf etməsə belə. Satqınları isə bağışlamaq olmur.

- Dövlətdə dəvə, övlatda nəvə. Onlarla necə yola gedirsiniz?
-Nəvələrim həyatıma elə bir məna qatıblar ki, onların hər bir addımlarına, uğurlarına sevinirəm. Hər bir qadını, xanımı həyata bağlayan onun ailəsidir.





`Hər gün xoşbəxtəm deyən insan dəlidir` - Nisə Qasımova

“Mənim tək dayağım Allahdır” - Xalq artisti ilə səmimi söhbət

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti