Sülhə atılan güllə: Erməni təxribatını Qərb təşkil edib? - EKSPERTLƏRİN ŞƏRHİ

      Sülhə atılan güllə:    Erməni təxribatını Qərb təşkil edib?    - EKSPERTLƏRİN ŞƏRHİ
  13 Fevral 2024    Oxunub:3659
Xəbər verdiyimiz kimi dünən Ermənistan növbəti dəfə Azərbaycanla sərhəddə təxribatlar törədib. Nəticədə bir sərhədçimiz yaralanıb. Cavab tədbirlərindən sonra isə Ermənistan ordusu dörd hərbçi itirdi.
Bu gün həmçinin Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Ermənistan Silahlı Qüvvələrinin törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirdilər.
Ermənistan bundan öncə də sərhəddə təxribatlar törədirdi. Hətta Sentyabr döyüşləri zamanı şəhidlərimizin qisası ikiqat alınmışdı.

Son təxribatlarda isə Qərb izi, xüsusən də Fransa amili özünü daha çox göstərir. Ekspertlərin fikrincə, İrəvana hansısa vədlər olmasaydı, Ermənistan risk edib Azərbaycan sərhədçisini hədəf seçməzdi.

“Binokl diplomatiyası”ndan snayper təxribatına doğru


Politoloq Tofiq Abbasov bu yaxınlarda Fransa generalının sərhəd bölgəsinə ayaq basmasını xatırladaraq deyib ki, bu cür səfərlər təsadüfi hadisə sayılmır.

- Ermənistana yerləşdirilmiş və vətəndaş missiyası adı altında guya sərhəddə müşahidələr aparan almanların, fransızların əksəriyyəti təxribatçılardır. Artıq hər kəsə bəllidir ki, bu missiyaya daxil edilən hər bir avropalı peşəkar kəşfiyyat işçisidir. Düzdür, bu şəxslərin çoxu yaşlıdır. Amma onlar öz işçi keyfiyyətlərini itirməyiblər, bölgədə konkret tapşırıqlar üzərində çalışırlar. Missiya Azərbaycanla sərhəddə peyda olandan sonra Ermənistan ordusu bir neçə dəfə təxribatlar törətdi. Bu dırnaqarası müşahidəçilərin həmin təxribatlar zamanı niyə səsi çıxmadı? Sual yaranır, bəs həmin şəxslərin missiyası nədən ibarətdir? Texniki vasitələri, xüsusi qurğuları yerləşdirib müşahidələr aparırlarsa, hətta guya sərhəddə daimi keşiş çəkirlərsə, niyə baş verən təxribatlara münasibət bildirmirdilər? Heç insidentlərin kimin ucbatından, hansı tərəfin günahı səbəbindən olmasını belə vurğulamırlar. Bütün bunların ümumi qayəsi ondan ibarətdir ki, müşahidəçilər hansısa missiyanı həyata keçirmək yox, vəziyyəti gərginləşdirməyə xidmət etsinlər, - o qeyd edib.

DSX “Qisas” aldı: Ermənilərin ciddi itkiləri var
Ekspert xatırladıb ki, İrəvan oturuşmuş bir ənənə formalaşdırıb. Ermənistan rəhbərləri həmişə hansısa mühüm görüşlər, danışıq və sammitlər ərəfəsində oxşar təxribatlara əl atırlar. Məqsəd isə yeni davanın qaldırılması, danışıqlar zamanı, samitlərin gedişatında Azərbaycanı ittiham etmək, hansısa mühüm prosesi uzatmaqdır. Guya yaranan gərginliyin məsuliyyəti yalnız Bakının üzərinə düşür, Azərbaycanın ucbatından bölgədə vəziyyət sabit olmur və s. Əslində isə sülh gündəliyini formalaşdıran məhz Azərbaycan olub, daim yeni təklifləri qarşı tərəfə Bakı ünvanlayıb: "İrəvan isə bizim təkliflərə cavab verməyə heç vaxt tələsməyib. Niyə? Çünki yenə də yuxarıda haqqında söz açdığımız xarici amillərin təsiri burada öz sözünü deyir. Ermənilər alətə çevriliblər, açar, rıçaq kimi istifadə olunurlar. Onlar ilk növbədə Avropa İttifaqı, Fransa, Almaniya, ABŞ, Yunanistan hətta Belçikanın sifarişlərini yerinə yetirirlər. Sifarişlər isə ondan ibarətdir ki, məlum qüvvələrin Qafqaz bölgəsinə girməsi üçün şərait yaradılsın. Onlar burada öz hərbi kontingentini yerləşdirmək xəyalındadırlar. Rusiya, Türkiyə İranı regiondakı proseslərdən uzaqlaşdırmaq da əsas məqsədlərdən biridir".

Tofiq Abbasov məlum qüvvələrin Azərbaycan amilini və gücünü də nəzərə almamağı böyük səhv adlandırıb. Çünki Bakı ilk dəfə deyil ki, cavab tədbirləri görərək qisas əməliyyatı ilə erməniləri yerində oturdur. Qarşı tərəf gərginlik yaradır, sabitliyi pozur, canlı qüvvələrimizə təhdidlər törədir. Nəticədə isə İrəvanın cavabını son dərəcədə artıqlaması ilə veririk. Yəni nəinki Ermənistan, onların havadarları da bilməlidirlər ki, heç bir təxribat cavabsız qalmır, qalmayacaq da: "Bir daha qarşı tərəfin yadına salırıq ki, dəmir yumruğumuz sadə, adi söz deyil, onun arxasında böyük potensial, güc və bacarıqlar dayanır. Bir incə detalı da xatırlatmaq istərdim. Bir neçə gün öncə ali baş komandan Türkiyədən gəlmiş “Akıncı” PUA-sının uçuşunu müşahidə etdi, onun texniki göstəriciləri ilə tanış oldu. Bütün bunlar ondan xəbər verdi ki, Azərbaycan öz müdafiə və hərbi potensialla bağlı işlərini müstəqil şəkildə və müntəzəm qaydada davam etdirir. Bizim istəyimiz isə ondan ibarətdir ki, bölgədə sabitlik birdəfəlik bərqərar olsun. Bunun üçün revanşist qüvvələrin planları qarşısında öz gücümüzü, hərbi potensialımızı artıra-artıra getməliyik".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas Azərbaycana qarşı hərbi təxribatların törədilməsini odla oyun adlandırıb. O, son proseslərdə Qərbin dəsti-xəttinin görünməsini təəssüf doğuran hal sayıb: "Əvvəla Ermənistanın sərhəd təxribatlarına cavabla yanaşı ən yaxşı şərhi də Dövlət Sərhəd Xidmətinin əsgərləri verdilər. Onlar qarşı tərəfi öz ayıq-sayıq xidmətləri ilə başa saldılar ki, sərhəd müqəddəsdir, təxribatlara isə ikiqat cavab veriləcək. Mövqelərimizə atəş açılan post darmadağın edilib. Təbii ki, rəsmi İrəvanın insidentə hansı donu geyindirməsindən asılı olmayaraq bu aşkar və ağılsız bir təxribat idi. Məqsəd isə sülh müqaviləsinə imza atmamaq, prosesi uzatmaq üçün belə gedişlərlə vaxt qazanmaqdır".

Deputat qeyd edib ki, prosesi revanşist qüvvələr başladıb və onlar Qərbin, xüsusən də Fransanın təsiri altındadırlar.

- Bu ilk təxribat deyil. Bizim dəmir yumruğun gücünü bir neçə dəfə hiss ediblər. Sual yaranır ki, bəs niyə dərs olmur? Çünki el dili ilə desək, ermənilərin ağlını çoxdan oğurlayıblar. Onsuz da o kütlə ağıldan kasad idi. İndi olub-qalan ağılları da Qərb, xüsusən də Parisdə oturanlara bağlıdır. Onlara əslində yaxşı yeni dərs verdik. Amma yenə də reallığı dərk eləməsələr və mənfur əməllərindən qalmasalar, lazım gəlsə daha yaxşı dərslər verəcəyik, - Aqil Abbas vurğulayıb.

Onun sözlərinə görə, hazırda təxribatların yaranmaslna görə adı daha çox hallanan avropalı müşahidəçilərin missiyası əslində mülki vətəndaşlarla bağlı olmalı idi. Amma onların məqsəd və məramları mülki vətəndaşlara bağlı məsələlər olmadı: "Biz bu missiyanın maraqlarını məqsədlərini çoxdan üzə çıxarmışıq. Missiyada təmsil olunanlar kimlərdir? Keçmiş zabitlər, xüsusi xidmət orqanları əməkdaşları və s. Burada hətta məsul işlərdə çalışmış komandirlər, komandos dediyimiz hərbçilər də var... Yəni belə seçilmiş şəxslər sərhəd bölgələrinə müşahidə aparmaq məqsədilə gəlmirlər. Onlar Ermənistanı qızışdırmaq, yenidən revanşist xəyallarla yaşayan xalqı müharibəyə cəlb etmək planları ilə bölgədə fəaliyyət göstərirlər. Türklərin yaxşı bir sözü var: “Əgər savaş istəyirsənsə, sən onu alacaqsan!”. Yəni biz savaş deyil sülh istəsək belə, qarşı tərəf bunda maraqlıdırsa, ona yerini göstərmək məcburiyyətində qalırıq. Məcbur etsələr, cavab tədbirlərimiz daha da qətiyyətli olacaq. İrəvanda oturanlar Ukrayna ərazilərini gözlərinin qarşısına gətirsinlər. Ermənistanın dövlət təhlükəsizliyi, dövlətçiliyi qısa zamanda belə məhv ola bilər. Ona görə də gərək İrəvandakılar təxribata getməmişdən öncə yaxşı fikirləşsinlər. Düzdür, Paşinyan kapitulyasiyadan sonra bir az ağıllı adam kimi davranmağa başlayırdı, amma onu da Qərbdən tərpədirlər".

Azərbaycan sərhədçilərinə atılan güllə sülhə açılan atəş idi



Milli Məcisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu
da Ermənistanı Qərbin oyununa getməkdə günahlandırıb. Onun sözlərinə görə, İrəvanın törətdiyi son təxribatlar sülhə qarşı yönəlib. Azərbaycan sərhədçilərinə yönələn güllə sülhə açılan atəş idi.
-Şübhəsiz ki, bu təxribat prosesində İrəvan tək deyildi. Onun arxasında Ermənistana dəstək verənlər də dayanırlar. Fransa prezidenti Emmanuel Makron formalaşdırdığı sonuncu kabinetin iclası zamanı çıxış edərkən aşkar dedi ki, "bizim vəzifəmiz Ermənistanı xilas etməkdir". Sərhəddəki təxribatlar Fransa başda olmaqla islamofob mərkəzlərin Ermənistan vasitəsilə qarşı keçirdiyi tədbir hesab oluna bilər, - deputat deyib.

Hikmət Babaoğlunun fikrincə, nəticə etibarilə bu proselsər İrəvanın lehinə yox, əleyhinə işlədi. Çünki bu cür təxribatlara Azərbaycan hər zaman layiqli cavab verib və verəcək də: "Müzəffər Ali Baş Komandan dəfələrlə deyib ki, heç bir Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Əsgərimizə qarşı ediləcək bütün təxribatların cavabı bundan sonra da veriləcək. Məhz bu mövqedən çıxış edərək bu gün qətiyyətlə qisas əməliyyatı keçirdik. Ermənistanın arxasında dayanan qüvvələrə isə mesaj verdik ki, sizin bu cür təxribatlarınız Bakının sülhlə bağlı qətiyyətli mövqeyini dəyişməsinə səbəb ola bilməz. Azərbaycan hər cür təxribatlara hazırdır. Ona görə də regionda sülhün perspektivinə atəş açan bu qüvvələr sözün həqiqi mənasında sabitlik, barış istəmirlər ki, prosesin də başında Fransa dayanır. Çünki Paris və digər bəzi mərkəzlər bölgədə sülhdən söz açılan zaman öz maraqlarının təmin olunması və Azərbaycanla Ermənistan üzərində onları idarə edəcək mexanizm qurulmasını nəzərdə tuturlar. Bu isə sülh deyil. Şübhəsiz ki, Azərbaycan əsas istəyinə- sülhə nail olacaq. Bunun üçün hər hansı vasitə lazımdırsa, onunla da reallaşdıracayıq".

Hərbi ekspert Şair Ramaldanov erməni snayperinin Azərbaycan sərhədçisini nişan alacağı ilə bağlı təxribatın gözlənilən olduğunu söyləyib.

-Prinsipcə burada təəccüblü heç nə yoxdur. Əgər üç ildir Azərbaycan sülh deyir, Ermənistan isə belə bir müqavilənin imzalanmasından qaçırsa, deməli hər şey hələ bitməyib. Erməni hərbi-siyasi rəhbərlərinin subyektiv yanaşması və İrəvanın onların havadarları tərəfindən idarə edilməsi nəticədə Ermənistanın bizim marağında olduğumuz sülhdən uzaqlaşmasına səbəb oldu. Bu qaçış isə onu göstərir ki, biz hələ də müharibə şəraitində qalmışıq. Çünki sərhəddə delimitasiya və demarkasiya məsələlərində də irəliləyiş yoxdur. Bu isə üçtərəfli bəyannamədə qeyd olunan xüsusi bənddir. Həmçinin Zəngəzur dəhlizi ilə bağlı qarşı tərəfdən heç bir iş də görülmür. Bəyannamədə dördüncü bənd isə qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, ərazilərimizdən erməni qoşunlarının çıxarılması idi. Yalnız Azərbaycan özü bunu bacardı, antiterror tədbirləri keçiməklə qanunsuz silahlı birləşmələri torpaqlarımızdan təmizlədik. Yəni bütün bunlar onu göstərdi ki, Ermənistanın havadarları hətta Avropa İttifaqı İrəvanı yeni təxribatlara cəlb etməkdə maraqlıdır. Onları indi də regionda münaqişənin yenidən alovlanmasında maraqlı tərəf kimi görünürlər. Əgər bu gün Fransa lisenziyası ilə Hindistanda istehsal olunmuş silahlar Ermənistana daşınırsa, deməli İrəvan surətlə silahlandırılmaqla onun vasitəsilə Cənubi Qafqazda təhlükəsizliyə xələl gətirməyə çalışırlar. Bölgədə çox böyük işlər görülür, logistik layihələrin hazırlanması və işlənməsi üçün ciddi tədbirlər hazırlanır, region ölkələr ilə birgə nəqliyyat dəhlizləri, layihələri müzakirə olunur. Amma Qərb burada özünün çıxdaş edilmiş kimi görür və Avropa İttifaqı Ermənistan vasitəsilər öz maraqlarını təmin etmək istəyir. Qurum hətta Zəngəzur dəhlizinə nəzarətdə müəyyən rol oynamağa da çalışır. Yəni bu proseslərin onu göstərirdi ki, Aİ Ermənistan hərbi-siyasi rəhbərliyinə təsir vasitələrindən istifadə edərək İrəvanın konstruktiv mövqe tutmasına mane olur".

Fransa Milli Jandarmının briqada generalı Uilyam De Meyer Aİ-nin Ermənistandakı missiyasının qərargahında
Ekspert xatırladıb ki, Avropa İttifaqı qısa zamanda Azərbaycanla sərhədə 50 nəfərə qədər müşahidəçi göndərdi. Bu isə yalnız İrəvanla razılaşdırılmış məsələ idi. Ancaq sonradan heç bir əsası olmayan belə bir missiya nəinki sərhəddən uzaqlaşdırılmadı, hətta Ermənistan birtərəfli qaydada Aİ-nin təzyiqi ilə Zəngilan istiqamətindəki müşahidəçilərin sayının daha da artırılmasına razı oldu. Bu gnün burada artıq 200 nəfərdən çox olan bir heyətdən söz açılır. Ərazidə qərargah belə yaradılır. Bu da azmış kimi müşahidə yerlərinə yüksək vəzifəli şəxslər gətirilir: "Fransadan general rütbəsində olan briqada rəhbərini belə bölgəyə soxdular... Paralel olaraq bu istiqamətdə vəziyyətin gərgin olacağına dair əvvəlcədən informasiyalar da yayırdılar. Paşinyanın ritorikası isə dəyişərək bir qədər sərtləşdi. Bəzi səfirliklərin sözügedən istiqamətə baş çəkməməsinə dair məlumatlar belə yayırlar. Guya Ermənistanın məlum istiqamətdə yaşayan yerli əhalisinin köç prosesinə hazırlanması, dövlət qurumlarının isə tədricən ləğv olunmasına dair məlumatlar yaydılar. Bütün bunlar onu göstərdi ki, ermənilərin sərhəddə əvvəlcədən təxribat törədəcəklərini göstərən sübutlar, ab-hava var idi. Təbii ki, biz bu prosesləri diqqətlə izləyirdik, DSX şərti sərhəddə ayıq-sayıqlığını yüksək səviyyədə saxlayırdı, lazım olan tədbirləri yerinə yetirirdi.

Yeri gəlmişkən, təxribatın ola biləcəyi haqqında hərbi ekspertlər də dəfələrlə öz proqnozlarını verirdilər. Yəni qeyd edilirdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin seçdiyi bu yol, Aİ missiyasının burada müəmmalı və yersiz aktivliyi hansısa təxribatların olacağını istisna etmir. Dünən isə artıq həddi aşdılar, gündüz saatlarında mövqeyə snayperçi yerləşdirdilər. O hərbçi ərazidə daimi xidmət aparan şəxsə heç cür bənzəmirdi. Kadrlara düşən mövqe də səngərdə snayperə ayrılmış xüsusi mövqe deyildi. Hətta snayperin davranışları belə onu göstərdi ki, bu adam posta xüsusi tapşırıq üçün haradansa gətirilmişdi. Nəticədə təxribata nail oldular. Məqsəd isə ərazidə vəziyyəti gərginləşdirmək, bölgədə münaqişə ocağı yaratmaq idi".

Hərbi ekspertin fikrincə, hətta İrəvanda oturanlar, onların havadarları da yaxşı bilirdilər ki, hazırki fonda Ermənistanın Azərbaycan Ordusuna nələrsə etməsi real deyil. Onalar revanş addımlarının nə ilə nəticələnəciyini də yaxşı anlayırlar. Bakı cavab tədbirləri görərək öz dişini göstərəcək. Azərbaycan həmişə olduğu kimi heç bir təxribatı cavabsız qoymur: "Bu gün DSX tərəfindən qisas əməliyyatı aparılması barədə xəbərlər yayıldı. Əsgərimizə atəş açılan post darmadağın edilib. Erməni tərəfinin itkilərinin olması barədə məlumatlar da var. Azərbaycan dəmir yumruğunu hazır vəziyyətdə saxlayıb, İrəvanın Avropa İttifaqı təsiri altında təxribata gedəcəyi təqdirdə dəmir yumruğu bundan sonra da qarşısında görəcək, adekvat tədbirlər daha sərt olacaq. Tarix onu göstərib ki, biz özmüz öz problemimizi həll etmişik. İşğal zamanı problemi masa arxasında həll etməyə dair çağırışlar etsək də, İrəvan bundan qaçırdı. Azərbaycan BMT-nin məlum qətnaməsini öz gücü ilə reallaşdıraraq işğalçı qüvvələri darmadağın etdi. Qarabağda qalmış qanunsuz silahlı birləşmələrin danışıq yolu ilə bölgədən uzaqlaşdırılması ilə bağlı da təkliflər olurdu. Amma İrəvan çağırışlarımıza məhəl qoymadı, havadarlarına arxalanaraq öz çirkin mövqeyini siyasətini sərgilədi. Azərbaycan bu məsələni bir gündən də az müddətdə həll etdi. İndi isə biz şərti sərhəddə üz-üzə qalmışıq. Bu əslində sərhəd də sayılmır. Tələblərimiz, istəyimiz ortadadır, İrəvan isə həmişə olduğu kimi yenə də öldürücü zərbəmizin təsirini hiss etməmiş düzgün mövqe tutmaq istəmir. Zənnimcə, qarşı tərəf bu formada siyasət yürütməyə davam edərsə, Azərbaycan öz dəmir yumruğunu işə salaraq lazım olan cavab tədbirlərini görəcək. Gec-tez onları sülh müqaviləsi bağlamağa məcbur edəcəyik. Bu müqavilənin əldə olunmasının iki yolu var. Ya sən normal şəkildə danışıqlar yolu ilə masa arxasında oturub imza atırsan, ya da məcbur edilirsən ki, sülhə gələsən! Birinci metod həyata keçmirsə, biz qarşı tərəfin sülhə gəlməsi üçün məcburi addımlar ata bilərik. Bizim bugünkü tədbirlərimiz isə Ermənistanla yanaşı onun Qərbdəki havadarlarını da ciddi şəkildə düşünməyə vadar edəcək. Azərbaycan güclü ordusu olan dövlətdir, öz mövqeyini qorumağa qadirdir beynəlxalq normaların pozulmasını sərhəddə İrəvanın təxribatlarına bundan sonra da imkan verməyəcək".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Təxribt   Sərhəd   Qərb   Azərbaycan   DSX  





Xəbər lenti