Salyandakı 10 uşaqlı ailə 1050 manat alacaq

Salyandakı 10 uşaqlı ailə  1050 manat alacaq
  14 Fevral 2024    Oxunub:1118
Salyan rayon sakini Abdullayev Əflan Əzizxan oğlunun həyat yoldaşı Abdullayeva Gülşən Asif qızına beşdən çox uşağı olan qadın olduğu üçün hazırda 945 manat məbləğində müavinət ödənilir.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, yeni doğulan 10-cu övladına uşağın şəxsiyyətini təsdiq edən sənəd aldıqdan sonra müavinəti 105 manat da artırılaraq 1050 manata çatdırılacaq.

"Ailəyə 2022-ci ilin iyul ayından hər ay 835,58 manat ünvanlı sosial yardım da ödənilib.
Lakin 2023-cü ilin aprel ayında ailə üzvlərinin sayında, yəni ailə tərkibində dəyişiklik olması səbəbindən yardım dayandırılıb. Çünki həmin dövrdə qanunvericiliyin tələbinə görə, ailə tərkibində dəyişiklik olduqda yardım dayandırılırdı və ailə sosial yardım hüququna baxılması üçün təkrar müraciət etməli idi. Sonralar qanunvericilikdə dəyişiklik edilib və artıq ailə tərkibində dəyişiklik olduqda yardım dayandırılmır.

2023-cü ilin avqust ayında Əflan Abdullayev ailəsinə yenidən ünvanlı sosial yardım təyin edilməsi üçün müraciət etsə də, onun aktiv VÖEN sahibi olmasına baxmayaraq, dövrü olaraq müvafiq ödənişləri etməməsi səbəbindən yardım təyin edilməyib".

Nazirlikdən qeyd edilib ki, Ə.Abdullayevlə əlaqə yaradılıb və o, VÖEN-lə bağlı ödənişlərini həyata keçirdiyini deyib.

"Yeni doğulan 10-cu övladına uşağın şəxsiyyətini təsdiq edən sənəd aldıqdan sonra ünvanlı sosial yardımla bağlı təkrar müraciət edəcək".

Qeyd edək ki, Salyan rayonunun Qaraçala kənd sakini, 10 uşaq atası Əflan Abdullayev sosial vəziyyətlərinin yaxşı olmadığını, onlara verilən ünvanlı sosial yardımın kəsildiyini, uşaqlarını məktəbə yollaya bilmədiyini demişdi.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti