İlham Əliyev ilə Antoni Blinken Münhendə görüşüblər - YENİLƏNİB

  İlham Əliyev ilə Antoni Blinken Münhendə görüşüblər -  YENİLƏNİB
  17 Fevral 2024    Oxunub:2099
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub.
Dövlətimizin başçısını salamlayan Antoni Blinken deyib:

"Hər vaxtınız xeyir, cənab Prezident. Prezident Əliyevlə görüşmək imkanını çox yüksək qiymətləndirirəm. Son bir neçə ildə görüşmək və söhbət etmək üçün bir çox imkanımız olub. Hesab edirəm ki, indiki zaman kəsiyi Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacibdir. Bu məsələni ciddi dəstəkləyirik. Bu tədbirin uğurlu olması, eyni zamanda, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq. ABŞ bu istiqamətdə faydalı işlər görüb və görməyə davam edəcəkdir. Danışılacaq çox mövzu var. Cənab Prezident, bu gün bizimlə görüşə vaxt ayırdığınıza görə təşəkkür edirəm".

Prezident İlham Əliyev deyib:

"Təşəkkür edirəm, cənab Dövlət katibi. Qeyd etdiyiniz kimi, COP29 ikitərəfli gündəliyimizin önəmli bir hissəsidir. Bu, gündəliyimizdə duran məsələlərin mövzularını genişləndirir. Cari ildə bütün təşəbbüslərimizlə bağlı hökumətinizin dəstəyinə ümid edirik. Cənab Dövlət katibi qeyd etdiyi kimi, gündəliyimizdə daha bir məsələ var, bu da Qafqazda regional vəziyyət, xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının perspektivləridir. Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması milli maraqlarımıza cavab verir. Mən Amerika Birləşmiş Ştatlarına və xüsusilə cənab Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edirəm".

Dövlətimizin başçısı ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini vurğulayıb, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri ilə keçirilmiş ikitərəfli görüşü qeyd edib və sülh müqaviləsinə dair danışıqların, sərhədlərin delimitasiyası üzrə görüşlərin keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasını müsbət addım kimi qiymətləndirb.

Artıq regionda de-fakto sülhün olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir.

Söhbət zamanı regional bağlantılar, nəqliyyat, Orta Dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

* * *

18:16
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub.


AzVision.az


Teqlər: Prezident   görüş   Münhen  





Xəbər lenti