Münhendə Azərbaycan Prezidenti ilə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirinin görüşü olub

   Münhendə Azərbaycan Prezidenti ilə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirinin görüşü olub
  17 Fevral 2024    Oxunub:1107
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin görüşü olub.
Görüşdə Sultan Əhməd Əl-Cabir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayid Əl-Nəhyanın salamlarını və ən xoş arzularını, həmçinin prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevə, Azərbaycan dövlətinə və xalqına səmimi təbriklərini çatdırıb.

Dövlətimizin başçısı təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirib, onun da salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev bu yaxınlarda Prezident Şeyx Məhəmməd bin Zayid Əl-Nəhyanla telefon danışığını və Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Qeyd edib ki, bu, tarixi səfər idi. Belə ki, BƏƏ Prezidenti ilk dəfə Azərbaycana rəsmi səfər edirdi.

COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı Azərbaycanı təbrik edən nazir, Prezident Şeyx Məhəmməd bin Zayid Əl-Nəhyanın tapşırığına əsasən, BƏƏ-nin COP heyətinin hazırda Azərbaycan nümayəndə heyəti ilə yaxından işlədiyini diqqətə çatdırıb. O, COP29-un COP-un tarixində ən uğurlu sessiyalardan biri olacağına əminliyini ifadə edib.

Azərbaycan Prezidenti COP çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizə göstərdiyi dəstəyin və aparılan təcrübə mübadiləsinin çox əhəmiyyətli olduğunu bildirib. Dövlətimizin başçısı BƏƏ, Azərbaycan və Braziliya arasında COP çərçivəsində yaradılan Üçlük mexanizminin çox uğurlu addım olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycanla BƏƏ arasında müxtəlif sahələrdə, o cümlədən ölkəmizdə bərpaolunan enerji sahəsində əməkdaşlıq xüsusi vurğulanıb. "Masdar" şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizin qeyri-neft sənayesinə yatırdığı investisiyalar məmnunluqla qeyd edilib, bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti