"24 ildir ki, Tehrana gedib müalicə alıram" - "Dəli Kür"ün Mələyi

   "24 ildir ki, Tehrana gedib müalicə alıram" -    "Dəli Kür"ün Mələyi
  21 Fevral 2024    Oxunub:1057
“Son vaxtlar özümü yaxşı hiss etmirəm. Ürək sözümə baxmır, döyüntülər normaya uyğun deyil. Gah yaxşı oluram, gah da halım pisləşir. İllərdir ki, Tehrana gedib müalicə alıram. Hər dəfə ora gedəndə 6-7 aylıq dərmanlarımı da alıb özümlə Bakıya gətirirəm”.
AzVision.az xəbər verir ki, bunu əməkdar artist Zemfira Sadıqova saytımıza açıqlamasında deyib. O bildirib ki, səhhətində yaşadığı problemlərdən dolayı efirlərə çıxmır.

- Nəfəs alanda çətinlik çəkirəm. İstəmirəm bu halımı kimsə görsün. Bu il 85 yaşım tamam olacaq. Sağ qalsam, yubileyimi qeyd edəcəyəm. Bəlkə, bir neçə aya özümə gəldim. Amma indi yaxşı deyiləm. 24 ildir ki, xəstəliyimə görə Tehrana gedib-gəlirəm.

-Evdə gününüz necə keçir, darıxmırsınız ki?
- İnandırım ki, darıxmıram. Planşet vaxsitəsi ilə dünyada baş verən bütün xəbərləri izləyirəm. Televizora isə baxmıram. Orada əttökən şeylərdən və yalan məlumatlardan başqa bir şey yoxdur.

- Yaşınıza görə çox cavan görünürsünüz. Yəqin ki, baxımlı xanımsınız.
- Mən üzümə heç krem də vurmuram. Özümə baxmıram. Hamıya elə gəlir ki, çox baxımlıyam. Adam içinə çıxanda azmaz kosmetikadan istifadə edirəm. Cavan qalmaq bizdə genetikdir. Anam və bacım da yaşlarından xeyli cavan görünürdülər.

-Hərdən çəkildiyiniz filmləri yenidən izləyirsinizmi?
Baxmıram, çəkildim və bitti. Məni həyata yeni film, obraz qaytara bilər. Sözünü deyən, məzmunlu, öz fikri olan və qətiyyətli obraz yaratmaq istərdim. Çəkildiklərim içərisində daha çox “Dmitrov küçəsi 86” və “Dantenin yubileyi” filmlərini çox yüksək qiymətləndirirəm.

Qeyd edək ki, Zemfira xanım milli kinomuza bir çox uğurlu obrazlar bəxş edib. Ancaq onu hər kəs daha çox “Dəli Kür”ün Mələyi və nəhəng aktyor, Teymurləng, Qurd Cəbrayıl kimi rolların ifaçısı, mərhum Xalq artisti Yusif Vəliyevin həyat yoldaşı kimi tanıyır.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti