Ombudsmanın nümayəndələri başı çapılmış uşaqla görüşüb

Ombudsmanın nümayəndələri başı çapılmış uşaqla görüşüb
  21 Fevral 2024    Oxunub:970
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri tərəfindən Ağstafada azyaşlının anası tərəfindən xəsarət yetirilməsi ilə bağlı mediada yayımlanmış məlumatla əlaqədar yerində araşdırma aparılıb.
Ombudsman Aparatından AzVision.az -a verilən xəbərə görə, Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri ilə birlikdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında uşaqla görüşərək, onun müalicəsi və səhhəti ilə maraqlanıb, hazırkı vəziyyətinin qənaətbəxş olduğu məlum olub.

Bununla yanaşı, uşağın anası və babası ilə də fərdi qaydada görüş keçirilib. Regional Mərkəzin əməkdaşları, eyni zamanda, uşağın məktəbdən kənarlaşdırılması məsələsinin araşdırılması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filialının və Ağstafa şəhər Ə.Hüseynov adına 1 saylı tam orta məktəbin nümayəndələri ilə də görüş keçirib.

Görüşlər zamanı azyaşlının hüquqlarının, o cümlədən təhsil hüququnun bərpası ilə bağlı müvafiq tövsiyələr verilib.

Məsələnin nəzarətdə saxlanılması üçün səlahiyyətli orqanlara müraciətlər ünvanlanıb. Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti