"Zarafatla dedim ki, Qurban bəy Nərimanı meydana buraxacaq" - Sənan Şəfizadə

   "Zarafatla dedim ki, Qurban bəy Nərimanı meydana buraxacaq" -     Sənan Şəfizadə
  23 Fevral 2024    Oxunub:2017
“Bu adi qələbə deyildi. Azərbaycan futbolunun Avropada "mən də varam" deməsi idi. Fantastik oyun idi. Bütün gecəni yata bilmədim, saat 4-də durub oyunun təkrarına baxdım. Qəribə haldır, qalib idik, amma yata bilmirdik. Şəhərdə bir-birimizi görürük, kimin səsi batıbsa, bilirik ki, dünənki oyunda olub. Bu gözəl ab-havadır”.
Bunu AzVision.az -a açıqlamasında “Qarabağ” və “Braqa” oyununun şərhçisi, tanınmış aparıcı Sənan Şəfizadə deyib.O, "Qarabağ"ın Avropa Liqasının 1/8 finalına adlamasının sevincini bölüşüb:
"Qarabağ" Avropa Liqasının 1/8 finalında



-Bu futbol deyildi, kino idi, triller idi. “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev qırmızı vərəqə alıb meydanı tərk etdiyi zaman mənə elə gəldi ki, stadiondakı 31 min 200 azarkeş futbolçu cildində meydana daxil olub, həmin oyunçunun yoxluğunu unutdurmağa çalışdı.

Bu çox özəl an idi. İnsanların gecə saatlarında, soyuq havada sona kimi oyunu izləməsi, qələbə inamını futbolçulara ötürməsi möhtəşəm idi. Dünən qələbənin tarixini “Qarabağ” klubu və azarkeşlər yazdı.

Oyun başlamamışdan öncə stadionun bir əməkdaşına zarafatla söylədim ki,”təsəvvür et, Qurban bəy Nərimanı meydana buraxır, o da son qolu vurur”. Həmin adam bildirdi ki, Nərimanın meydana buraxılması riskdir, ola bilməz. Çünki birinci oyunda hesab 4:2 olarkən, Nəriman 5-ci qolu buraxmışdı. Hamı onu tənqid edirdi.

Qurban müəllim dünən oyunun son dəqiqələrində Nərimanı meydana buraxdı. Bu, çox müdrik addım idi. Nərimanın qolu isə İkkardisayağı idi. Topu elə ötürdü ki, sanki billiard oynayırdı. Bu fanatastik bir qol idi.

Oyun bitmişdi, amma insanlar evlərinə getmirdi, o anın zövqünü yaşayırdılar. Mən əminəm ki, dünən stadionda olanlar oyunun biletini atmayacaq, tarixi nümunə kimi qoruyacaqlar. İllər sonra nəvələrinə deyəcəklər ki, "həmin oyunda stadionda olmuşuq, qışqırmışıq və səsimiz batıb".

Qurban müəllim hər zaman deyir: "Biz qalib ölkənin vətəndaşlarıyıq. Qarabağ” xüsusi bir addır. Ordumuzun tarixi zəfərindən sonra komanda onu layiqincə təmsil etməlidir" .

O, həmçinin idmançılarına bildirir: - "Unutmayın, oyun çətin ola bilər, amma səngərdəki əsgərlərimizin işi bizmlə müqayisədə daha çətindir" ".

Xatırladaq ki, ötən gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.

Qurban Qurbanovun komandası Bakıda "Braqa"nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən dramatik görüşdə azlıqda qalan - 10 nəfərlə oynayan "Qarabağ" "Braqa"ya 2:3 hesabı ilə uduzub.

Lakin Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan Ağdam təmsilçisi iki oyunun nəticəsinə görə qalib gələrək (6:5) 1/8 finala adlayıb və Azərbaycan futbolunda daha bir tarix yazıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti