BMT-də Rusiya-Ukrayna müharibəsi ilə bağlı sessiya başlayıb

   BMT-də  Rusiya-Ukrayna müharibəsi ilə bağlı sessiya başlayıb
  24 Fevral 2024    Oxunub:1311
BMT Baş Assambleyasında Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümünə həsr olunmuş xüsusi sessiya öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, sessiya BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensisin sədrliyi ilə keçirilir.

Sessiyada Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və BMT-yə üzv bir çox ölkələrin (Polşa, Fransa, İspaniya, Koreya, Almaniya, Britaniya və s.) xarici işlər nazirləri iştirak edirlər.

Sessiyada çıxış edən Dennis Frensis bildirib ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində iki il ərzində milyonlarla dinc sakin evindən didərgin düşüb, beynəlxalq hüquq çərçivəsində hücumlardan qorunan mülki infrastrukturlar məktəb və xəstəxanalar yerlə-yeksan olunub, mülki əhali sığınacaq axtarmaq üçün qaçmağa məcbur edilib: "BMT-nin Ukraynadakı insan haqları üzrə monitorinq missiyası bu ilin yanvar ayında mülki şəxslərin həlak olması və yaralanması ilə bağlı itkilərinin sayının narahatedici artımını təsdiqləyib. Bizi ən çox narahat edən məsələlərdən biri də ukraynalı uşaqlardır. Məlumatlarda qeyd olunur ki, 1 000-dən çox ukraynalı uşaq ailəsindən zorla alınaraq Rusiyaya məcburi deportasiya edilib. Oğurlanmış, isti evlərindən və təhlükəsizkdən məhrum olan uşaqlar Ukraynaya qaytarılmalı, ailələrinə qovuşmalıdırlar".

Sessiya prezidenti qeyd edib ki, müharibənin təsiri Ukraynanın hüdudlarından çox-çox uzaqlarda da hiss olunur: "Münaqişənin səssiz qurbanı olan ətraf mühit zədələnmiş obyektlərdən atılan kimyəvi tullantılar və davam edən döyüşlərlə bağlı artan çirklənmə və istixana qazları emissiyaları ilə təhdid edilir. Bundan əlavə, nüvə obyektlərinin hədəf seçilməsi real nüvə qəzası riskini və şübhəsiz ki, fəlakət siqnallarını verir. Müharibə istər ərzaq qiymətlərinin artması şəklində, istərsə də enerji təhlükəsizliyi kontekstində hər bir üzv dövlətə təsir etdi. Şübhəsiz ki, bu lazımsız müharibə dünya geosiyasətinin və geoiqtisadiyyatının ciddi ziyan vurur”.

O, qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı apardığı işğal siyasəti BMT nizamnamələrini pozur, suverenlik və ərazi bütövlüyü prinsiplərini təhdid edir: “BMT nizamnaməsində təsbit olunmuş prinsipləri qorumaq və müdafiə etmək və qanunun aliliyinin üstünlüyünü təmin etmək məsuliyyəti hər birimizin üzərinə düşür. Bura beynəlxalq məhkəmələrin, xüsusən də Beynəlxalq Ədalət Məhkəməsinin ötən ilin martında Rusiya Federasiyasını hərbi əməliyyatları dərhal dayandırmağa çağıran qərarlarına əməl etmək daxildir. Biz davamlı sülhə doğru fəal çalışmalıyıq.

Baş Assambleyanın bir il əvvəl qəbul etdiyi qətnamə bu məqsədə çatmaq üçün yol xəritəsini təqdim edib. Gəlin təcavüzü pisləyən və Rusiya hərbi qüvvələrinin Ukrayna ərazisindən dərhal, tam, qeyd-şərtsiz çıxarılmasını tələb edən Baş Assambleyanın kollektiv səsindən güc alaq və yenidən Rusiyanı bu müharibəyə son verməyə çağıraq".(Report)


Teqlər:





Xəbər lenti