Xocalı sakini: "Heç kəs o soyqırımını yaxınlarını itirmiş insanlardan daha yaxşı anlaya bilməz”

   Xocalı sakini:    "Heç kəs o soyqırımını yaxınlarını itirmiş insanlardan daha yaxşı anlaya bilməz”
  24 Fevral 2024    Oxunub:1308
"Xocalı faciəsində başımıza gətirilən zülmlər həmişə xatırlanacaq, erməni vəhşilikləri unudulmayacaq. Torpaqlarımızın 30 ilə yaxın işğal altında olduğu müddətdə dövlətimiz hər zaman bizim yanımızada olub. Əmin idik ki, Prezidentimizin müdrik siyasəti və qətiyyəti bir gün bizi doğma yurdumuza qovuşduracaq".
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Xocalı şəhər sakini Arif Qüdrət oğlu Əzizov söyləyib.

Bir neçə gündən sonra Xocalıda ermənilərin bəşəriyyətə, insanlığa qarşı törətdiyi ən dəhşətli cinayətdən otuz iki il ötəcək. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni millətçiləri tərəfindən iki yüz ilə yaxın azərbaycanlılara qarşı davamlı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir.

Şirvan şəhərində məskunlaşan Xocalı sakini Arif Əzizov o amansız gecədə qardaşını, bibilərini və əzizlərini itirib. Həmin vaxt onun 36 yaşı olub. O, erməni vandallarının işğalı dövründə yerlə-yeksan edilən kəndlərin, şəhərlərin belə tezlikdə yenidən qurulmasını gözləmədiyini vuğulayıb.

"Axı tarixən müharibədən çıxan dövlətlərin iqtisadiyyatının gücləndirilməsi və bu cür mühüm işlərin görülməsi üçün zamana ehiyacları olub. Budur, dövlətimizin iqtisadi qüdrətinin möhkəm təməllər üzərində qurulması, gələcəyə böyük inam! Artıq Xocalımızda 50 mənzilin də tikintisi yekunlaşıb. Bizi tarixən yaşadığımız ata-baba yurdumuzda müasir mənzillərə köçürəcəklər. Şaxtalı qış axşamında bir evdə yaşadığımız atam, anam, həyat yoldaşımla azyaşlı 4 övladımı götürüb dağa, dərəyə istiqamət aldıq. Mən yaşlı valideynlərimdən uzaq düşməməyə çalışırdım. Atam iki güllə yarası aldı. Səhəri gün eşitdik ki, qardaşım Mehman Əzizov itkin düşüb. Bu gün də onun acı taleyindən hələ də xəbərsizik. Sonra biz Şirvan şəhərində məskunlaşdıq. Burada bizə lazım olan bütün qayğı göstərildi. 2016-cı ildə Şirvan şəhərində məcburi köçkünlər üçün 21 mənzilli bina tikildi. Anamıza, şəhid anası kimi həmin binada ev verildi. Daha sonra 2019-cu il dekabrın 28-də Şirvan şəhərində məcburi köçkünlər üçün 685 ailəlik şəhərcik salındı. Həmin qəsəbədə mənim oğluma 3 otaqlı, qızıma 2 otaqlı ev verildi. Bütün bunlara yanaşı, valideyinlərim doğma yurd həsrəti, nisgili ilə yaşadı, haqq dünyasına qovuşdular. Dünya ictimaiyyətinə Xocalı soyqırımının necə dəhşətli, insanlığa sığmayan bir faciə olduğu məlum olsa da, heç kəs bu faciəni yaşamış, öz gözləri ilə görmüş, valideynlərini, qardaş-bacılarını, yaxınlarını itirmiş insanlardan daha yaxşı anlaya bilməz", - A.Əzizov qeyd edib.

Həmin dövrdə Milli Qəhrəman Tofiq Hüseynovun rəşadəti sayəsində yüzlərlə xocalılının həyatının xilas olduğunu deyən A.Əzizov xocalıların daha bir xilaskarı Əlif Hacıyevin misilsiz xidmətlərini umutmadığını da sözlərinə əlavə edib: "Sevinirəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşməndən azad etdi", - Xocalı sakini vurğulayıb.

A. Əzizovun ailəsində böyüyən övladları heç nəyi xatırlamır, yalnız valideynlərindən ermənilərin Xocalı sakinlərinin başına gətirdikləri qanlı hadisələri öyrəniblər. Vətən müharibəsində qazandığımız tarixi qələbə digər xocalılar kimi onların da sevincinə səbəb olub və Əzizovlar ailəsi doğma torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

AzVision.az


Teqlər: Xocalı   soyqırımı   ildönümü  





Xəbər lenti