"Babam Zəngəzur xalqını ermənilərdən qorumaq üçün mübarizə aparıb" - Numan Kurtulmuş

   "Babam Zəngəzur xalqını ermənilərdən qorumaq üçün mübarizə aparıb" -    Numan Kurtulmuş
  25 Fevral 2024    Oxunub:1184
"Adını daşıdığım babam Numan Kurtulmuş Nuru Paşanın komandanlığı ilə Bakıya gəlib və Zəngəzurda xalqı təşkilatlandırmaq, onları erməni quldur dəstələrindən qorumaq üçün mübarizə aparıb".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə deyib .

"Babamı heç vaxt görməmişəm, o mən doğulmamışdan 7 il öncə vəfat etmişdi. Altı cəbhədə döyüşmüş qəhrəman əsgər olub. 39 yaşında Sakarya döyüşündə omba sümüyündən güllə yarası alıb. Vəziyyəti çox ağır imiş. Hətta ölüdüyünü sanıb onu yarı yolda qoyub gediblər, amma arxadan gələn həkim onun sağ olduğunu anlayıb. Beləliklə, xəstəxanaya aparılıb və müalicə alıb. O vaxtlar əməliyyat şəraiti indiki kimi olmadığından ayağı 15 santimetr qısa qalıb.

Babam 6 cəbhədə döyüşüb. Onlardan biri də Qafqaz cəbhəsi olub. O, Bakıya Nuru Paşanın komandanlığı ilə gəlib. Zəngəzurda xalqı təşkilatlandırmaq, onları erməni quldur dəstələrindən qorumaq üçün mübarizə aparıb".

Xatırladaq ki, N.Kurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti