Xocalı soyqırımından 32 il ötür

      Xocalı soyqırımından 32 il ötür
  26 Fevral 2024    Oxunub:1276
Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalından və Xocalı soyqırımının törədilməsindən 32 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.

Qeyd edək ki, hazırda Xocalıdan olan keçmiş məcburi köçkünlər ölkənin 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.

2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.



Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olunub və Qarabağ münaqişəsi arxada qalıb.

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

2024-cü ilin fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Xocalı rayonu ərazisində də baş tutub.

Xocalı faciəsinə şahidlik etmiş hərbi xunta rejiminin başçıları tutularaq Bakıya gətirilib və hazırda Azərbaycan qanunları ilə sorğulanır. Həmçinin 2024-cü ildə yeni inşa olunan Xocalı şəhərinə tarixi yurd yerindən qovulan insanların geri dönüşü ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı “Böyük Qayıdış” Dövlət Proqramında əksini tapan qərarlar icra olunmaqdadır.

AzVision.az


Teqlər:





Xəbər lenti