“Heç kimə demirdim ki, “Uzundraz Oqtay” mənəm”- Məşhur filmin qəhrəmanı

   “Heç kimə demirdim ki, “Uzundraz Oqtay” mənəm”-    Məşhur filmin qəhrəmanı
  27 Fevral 2024    Oxunub:1037
“Pensiyadayam, may ayında 86 yaşım tamam olacaq. Vaxtilə kinoya çəkilmişəm, dublyajlar etmişəm. İndi isə bütün bunlara sağlamlığım imkan vermir".
Bunu Moderator.az-a açıqlamasında “Əhməd haradadır?” filminin “Uzundraz Oqtay”-ı Novruz Axundov deyib. O bildirib ki, kino sahəsində tanınsa da heç bir fəxri adı yoxdur.

"Bununla bağlı heç kimə müraciət etməmişəm, ehtiyac da yoxdur. Bu gün mənim dostluq etdiyim sənətkarların əksəriyyəti dünyada yoxdur. Elxan Qasımovla bir kursda oxumuşuq, bir filmdə çəkilmişik. Bəzən Əbdül Mahmudbəyovun müsahibələrini oxuyuram. Müasir televiziyada hərə bir cür hoqqa verir. Dövrə, zəmanəyə uyğundur. Yeni çəkilən filmlərə baxmıram, rejissorları da tanımıram. Heç bir məlumatım yoxdur. Bizim qatarımız getdi”.

N. Axundov ustadı, görkəmli teatr və kino aktyoru Adil İsgəndərovla bağlı xatirələrini də bölüşüb.

“Bütün dünya teatrlarında belə bir qanun var ki, teatrı aktyora görə yox, rejissora görə tanıyırlar. Deyirlər ki, Vaxtanqovun teatrı, Adil İsgəndərov teatrı. Adil İsgəndərov elə fenomenal insandır ki, 28 yaşında “Vaqif” pyesini səhnələşdirib. Bu adam 45 yaşa qədər Xalq artisti fəxri adını, “Stalin” mükafatını alıb. Adil İsgəndərova bu gün çox ehtiyacımız var.

Həsən Seyidbəyli “Nəsimi” filmində onu və Yusif Vəliyevi Teymurləng roluna görə sınaq çəkilişlərinə çəkmişdi. O özü təklif edərək demişdi: “qadam, məni yox, Yusifi çək”. Həsən Seyidbəyli çox təkid etsə də razılaşmamışdı. Adil müəllim həm də tələbələrinə qarşı diqqətli idi. Onların hər işi, problemi ilə maraqlanırdı. Universitetə daxil olandan sonra soruşurdu ki, kimin aktyorluqdan başqa nə bacarığı varsa mənə desin, onlara kömək edim, inkişaf etdirsin”.



Novruz Axundov bildirib ki, “Əhməd haradadır?” filminə də Adil İsgəndərovun dəstəyi ilə çəkilib.

“ “Əhməd haradadır?” filmi çəkilən ərəfədə bizim kursu qəbul etmişdi. Mən, rəhmətlik Elxan Qasımov, Amaliya Pənahova, Qasım Səfər, Əbdül Mahmubdəyov və s. şəxslər var idi kursumuzda. Sən demə o bizi elə həmin film üçün seçirmiş. Moskvadan da Yuli Fogerman adlı bir operator gəlmişdi. O da gəlib bizə baxırdı. Adil müəllim “Uzundraz Oqtay” rolu üçün başqa şəxsi də fikirləşmişdi. Yuli Fogerman məni göstərib təkidlə dedi ki, “mən bu oğlanı çəkmək istəyirəm”. Məni sınaq çəkilişlərində yoxladılar. Bədii Şura təsdiqlədi, filmdə çəkildim. Filmdə eynəkdən istifadə etmişəm. Gözlərim o vaxt çox yaxşı görürdü, indi pis görür. Guya kitab oxuyan idim, gözlərim zəifləmişdi.

O vaxt çox hadisələr baş vermişdi. Film improvizələrlə zəngin idi. Hər şeyi detallı rejissor aktyora demir ki. Özümüz də filmə müəyyən şeylər qatırdıq. Ard-arda rejissorlar məni filmlərinə dəvət edirdilər. “İstintaq davam edir”, “Yenilməz Batalyon”, “Mahnı dağlarda qaldı”, “Rəqiblər” və s. filmlərdə çəkildim. Uzun illər kinostudiyada dublyaj rejissoru kimi fəaliyyət göstərmişəm. “Mozalan” satirik kinojurnalında həm çəkilirdim, həm də onu rus və digər xarici dillərə tərcümə edirdim. 500-ə yaxın filmin dublyajında rejissorluq etmişəm. Vaxtım az idi. Filmlərimiz o vaxt primitiv üsulla çəkilirdi. 1 günə çəkilməli olan səhnə 5 günə başa gəlirdi. Yeni ailə həyatı qurmuşdum, evdə az vaxt keçirirdim. Ona görə də çəkilməyə çox da meyl etmirdim” deyə sənətkar bildirib.



Aktyor bildirib ki, uzun illər “Əhməd haradadır?” filmində çəkildiyini hamıdan gizlədib.

“Orta məktəbdə əmək dərsini tədris edirdim. Tələbə idim. O vaxt “Uzundraz Oqtay” rolunu mənim oynadığımı heç kimə bildirmirdim. Hətta ailəm də bilmirdi ki, kinostudiyada işləyirəm. Tofiq Tağızadə “Arşın mal alan” filminin ikinci hissəsini çəkəndə məni Süleyman roluna dəvət etdi, lakin çəkilmədim. Sonuncu çəkildiyim film “Gözlə məni” olub”, - deyə aktyor bildirib.


AzVision.az


Teqlər:





Xəbər lenti