"Oğurlanan Çingizin tapançası idi, pulları muzeydə sərgilənir, kamerası toylarda dağıldı"

 "Oğurlanan Çingizin tapançası idi,  pulları muzeydə sərgilənir, kamerası toylarda dağıldı"
  27 Fevral 2024    Oxunub:1351
Xocalı soyqırımını, ermənilər tərəfindən vəhşicəsinə öldürülən dinc sakinləri, uşaqları, qocaları, qadınları kamerası ilə lentə alıb, bütün dünyada tanıdılmasında əvəzsiz xidmətləri olan Milli Qəhrəman Çingiz Mustafayevlə bağlı yeni detallar paylaşılıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Azay Kərimov müsahibəsində bildirib ki, Xocalı rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanan Çingiz Mustafayevin kamerası, tapançası, pulu oğurlanmışdı. "Sonradan Vahid Mustafayev onun vəfatının 7-ci gününə kimi bütün rayonları axtararaq itən əşyalarını tapdı”.
Bəs bu faktlar doğrudurmu?
Çingiz Mustafayevin Şəhadətə ucalmasının 31-ci il dönümündə Vahid Mustafayev "Tapanca" adlı essesini qələmə alıb. Xalq artisti Fəxrəddin Manafovun təşəbbüsü ilə bədiiləşdirilərək səsləndirilən essedən bəzi məqamları təqdim edirik:

"Azərbaycanı ələk-vələk edən 10 günlük səfərimin sonuncu günü Sumqayıtın küçələri ilə hərəkət edirəm. Allaha yalvarırdım ki, ailəmin qarşısında üzümü qara etməsin... Çingizin 1992-ci ilin 15 iyununda Naxçıvanik uğrunda ciddi yaralandığı döyüşlərdə itirdiyi şəxsi tapançasını axtarırdım... Axtardığım soyuq polad, odlu silahın timsalında bir təsəlli idi, Çingiz idi.

Yaxşı ki, BMP-nin döşəməsində uzanan Çingiz şəxsi tapançanı götürən şəxsi görmür. Amma qardaşı onu gördü. 10 gündən sonra Çingizin cibindən düşən tapançanı götürən şəxsi tapdım. "Məndə yoxdur" deyən dezertir, narkomanı onunla yaşayan qara və hələ də insanlığını itirməyən qız xilas etdi. O qız vəziyyəti, mənim ciddiliyimi başa düşüb,... matrasın altından ağ əskiyə bükülmüş tapancanı mənə verir... Bu, Çingizin tapançası idi".



ÇİNGİZ MUSTAFAYEVİN HƏYATINDA ƏN VACİB GÜN HANSIDIR¿
Sizcə Çingizin həyatda ən vacib gün hansıdır? Bəlkə kimsə deyəcək ki, bu onun Xocalı qətliyamını çəkdiyi, bəlkə də ümumiyyətlə, jurnalistikaya gəldiyi gündür...
Bunlardan da vacib olan Çingizin anadan olan və Şəhid olan günləridir. Hər bir İnsanın həyatında ən vacib gün onun doğulduğu və rəhmətə getdiyi günləridir!

Çingizin Şəhadət zirvəsinə ucalmasından bu gün 31 il keçir. Bizim üçün o yaşayır, oğlu Fuadın simasında, qardaşları uşaqlarının həyatında, Azərbaycanın qələbələrinin tamında.
Əzizim Fəxrəddin Manafovun təşəbbüsü ilə maraqlı bir layihə hazırladıq. Mənim "Tapanca" adlı essemi bədiiləşdirərək səhnələşdirdik.

Bu, Azərbaycanda təəssüf ki artıq rəhmətə getmiş "Radio esse" və ya "Audio tamaşa" janrıdır. Yaxşı janrdır. Əlindəki və ya rəfdəki qutuya baxmadan tamaşa dinləyirsən və onu özün istədiyin kimi təfəkküründə canlandırırsan.

Hayif ki, bu gün radiolarımız fərqli formatda çalışır. Ön planda yaradıcılıq konversiyası deyil, "kültürel" kommersiyadır. Mənim radio sahəsində yetişdirdiyim əziz şagirdlərim deyəsən, əsas dərsimi unudublar - "Pulun dalınca qaçmayın, ona çatmaq mümkün deyil - savadlanın, işinizi sevə-sevə, yüksək mədəniyyət və peşəkarlıqla görün və onda pul özü qapınızı döyəcək... bu zaman tənbəllik etməyin, qalxın, qapını açın!".

Fürsətdən istifadə edib, bütün dostları bu gün, 15 İyunda saat 15:00-da Çingizin məzarını ziyarət etmək üçün Şəhidlər Xiyabanına dəvət edirəm! Çingiz tək bizim yox, hər bir Azərbaycanlının qardaşıdır! Eyni zamanda zəhmət çəkib TV-lər üçün çəkilişə gələn jurnalist, operator və TV kanalların bütün əməkdaşlarına da təşəkkürümüzü çatdırıram. Allah Sizi qorusun və Çingizin simasında bütün Şəhidlərimizə rəhmət eləsin!

Posted by Vahid Mustafa Yev on Wednesday, June 14, 2023


Burada Çingizin oğurlanan tapançasından, Vahid Mustafayevin onu axtarıb tapmasından söhbət edilir. Amma kamera və Çingizin pullarının oğurlanması barədə heç bir məlumat yoxdur .

Çünki Çingiz Mustafayevin pulları cibində idi və onlar bu gün də ANS-in muzeyində sərgilənir.



Kamerasına gəlincə, ANS-in Çingizlə bağlı bir sıra filmlərində, "Dərs" verilişində, "Cins şalvarlı oğlan" filmində bu haqda dəfələrlə danışılıb.

Çingizin lentə aldığı filmlərin kamerası Azərbaycan Televiziyasının əməkdaşları tərəfindən onu nəşi Zabrat aeroportuna vertolyotla gətirilən zaman götürülüb. Həmin kamera daha sonra toylara aparıldı və dağıldı. Yəni, bu informasiya həqiqətə uyğun deyil.

ANS Şirkətlər Qrupunun təsisçisi və prezidenti Vahid Mustafayev AzVision.az-a açıqlamasında deyib ki, müsahibədə Çingizlə bağlı qeyd edilən faktlar həqiqətə deyil. O bildirib ki, Çingiz şəhid olarkən məqalədə adı çəkilən şəxslər onun yanında olmayıb:

"Artıq Audiovizual Şuraya məktub göndərmişik ki, Çingizin adından kiminsə danışmağa ixtiyarı yoxdur. Məktubda Çingizin adının, ANS-in kadrlarının istifadə edilməsinin qarşısının alınmasını tələb etmişik. Ailəmiz tərəfindən Çingiz Mustafayev Fondu yaradılıb ki, bu cür məsələlərdə millətimizə, Çingizsevərlərə dəqiq məlumatlar verək. Bizim məlumatımız olmadan hansısa məqalələrin çap edilməsi ciddi şəkildə ailəmizə vurulan zərbədir. Biz də fond olaraq bunun qarşısını almalıyıq".

V.Mustafayev qeyd edib ki, Çingizlə əlaqədar kimin nə sualları varsa, Çingiz Mustafayev Fonduna müraciət etsin və həqiqətləri onun ailə üzvlərindən öyrənsinlər:

"Məqalədə qeyd edilənlər cəfəngiyyatdır, onun yanında mən olmuşam. Digər tərəfdən, Azərbaycan xalqı oğru xalq deyil. Heç kim şəhidinin cibindən heç nə oğurlamır. Tapança ilə əlaqədar məsələyə gəlincə, həmin şəxs tapançanı götürmüşdü ki, verəcəm. Onu da mən özüm tapdım".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti