Yeni ədliyyə naziri kimdir - DOSYE

   Yeni ədliyyə naziri kimdir -    DOSYE
  27 Fevral 2024    Oxunub:2066
Xəbər verdiymiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
AzVision.az yeni təyin edilən nazirin dosyesini təqdim edir:

1979-cu ildə Bakı şəhərində anadan olan Fərid Turab oğlu Əhmədov 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini bitirib. Daha sonra Beynəlxalq hüquq üzrə magistr təhsili alıb.

2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb və 2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub. Yeni nazirin Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi var.

Karyeraya gəlincə, 2004-2006-cı illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2007-2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 2011–2014-cü illərdə isə baş müəllim kimi "ADA" Universitetində hüquq sahəsi üzrə elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışıb. 2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində işləyib.

2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 15 noyabr 2021-ci ildə isə "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin sədri təyin olunub. 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

F.Əhmədovun Prezident İlham Əliyevin ADA Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan oğlu Heydər Əliyevin müəllimi olduğu bildirilir.
AzVision.az


Teqlər:





Xəbər lenti