"Gənclərin səsini, istəklərini BMT Azərbaycana çatdıracam": 11-ci sinif şagirdi

   "Gənclərin səsini, istəklərini BMT Azərbaycana çatdıracam":    11-ci sinif şagirdi
  27 Fevral 2024    Oxunub:681
Azərbaycanlı şagird Dəniz Məmmədzadə BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv (UNYAC) seçilib. Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin 11-ci sinif BMT-nin Azərbaycandakı proqramlarına gənclərin səslərinin daxil edilməsi və təşkilatın yerli qurumunun ölkə gəncləri ilə əməkdaşlığını, dialoq və tərəfdaşlığı genişləndirməsi istiqamətində məsləhətlər verəcək.
Dəniz Məmmədzadə AzVision.az -a açıqlamasında qeyd edib ki, o Şuraya üzvlüklə gənclərin səsi olmağa çalışacaq:

"Seçim prosesi ötən ilin avqust ayından keçirilib. Bu, Azərbaycan daxilində keçirilən proses idi. Özümüz haqqında 3 dəqiqəlik video hazırlamışdıq. Bəzi müraciətçilər müsahibəyə dəvət olundu və respublika üzrə 17 nəfər BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv seçildi. Burada təkcə şagirdlər deyil, tələbələr, müxtəlif gənc yaşda olan peşə sahibləri də təmsil olunur".

D.Məmmədzadə qeyd edib ki, seçim prosesində gənclərlə aktiv fəaliyyətə diqqət göstərilirdi.
"Olimpiadalar və intelektual oyunların aktiv iştirakçısıyam. Hətta bizim gənclərdən ibarət komandamız da var. Riyaziyyat olimpiadasında 2022-ci ildə bürünc medal qazanmışam. Tibbi araşdırma sahəsində də məşğul olmağa çalışıram və Şəki çərçivəsində gənclərlə bir neçə işimiz olub. Bütün bunlar seçilməyimə müsbət təsir göstərib".

BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzvlük 2024-2025-ci illəri əhatə edir. Sonra şuraya yeni üzvlər seçilir.

"Burada iştirak könüllü əsasladır və bütün vaxtı tələb edən iş deyil, digər dərsləri də paralel aparmaq mümkündür. Bundan sonrakı işimiz respublikanın müxtəlif gənclər qrupları ilə görüşüb, onların fikirlərini alıb, BMT-nin Azərbaycan üzrə İdarə Heyətinə çatdırmaqdır. Belə görüşlərimiz çox olacaq. Üzvlük gəncliyin səsini eşitdirməkdə mənə çox kömək olacaq. İndiyə qədər müəyyən işlər görməyə çalışırdım, lakin bundan sonra Şuranın gətirəcəyi imkanlarla bu işi daha fərqli səviyyələrə qaldıra biləcəm. Buna ümid edirəm", deyə məktəbli qeyd edib.

Gələcək fəaliyyətini tibbi mühəndislik ixtisası üzrə qurmağa çalışan Dəniz elə bu istiqamətdə də təhsil alacaq. Onun fikrincə, Şurada gənclərin sağlamlıqla bağlı narahat edən problemlərin də həllinə nail olmaq mümkündür.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti