Hikmət Mirzəyev üçün ÖZƏL GÜN

   Hikmət Mirzəyev üçün    ÖZƏL GÜN
  29 Fevral 2024    Oxunub:1085
Bu gün general -leytenant, Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandanı, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı Hikmət Mirzəyevin 56 yaşı tamam olur.
AzVision.az xəbər verir ki, Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvarda anadan olub.

O, birinci Ermənistan-Azərbaycan müharibəsində xüsusi təyinatlı taborun tərkibində döyüşüb. Hikmət Mirzəyev ulu öndər Heydər Əliyevin prezident olduğu illərdə polkovnik-leytenant rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini məhz Heydər Əliyev təqdim edib.

Hikmət Mirzəyev 2002-ci ilin 19 yanvarında Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor hərbi rütbəsini alıb. 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Cəbrayılın və Şuşanın azad edilməsi əməliyyatlarına başçılıq edib.

Prezident İlham Əliyevin 2020-ci ilin oktyabrın 17-də imzaladığı sərəncamla ona general-leytenant hərbi rütbəsi verilib. Hikmət Mirzəyev adını tarixə Şuşa fatehi kimi yazdırıb.

Şuşa işğaldan azad olan gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hikmət Mirzəyevə zəng edib.

Ali Baş Komandan Şuşa şəhərinin işğaldan azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.

Onu da bildirək ki, 2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.

2024-cü il yanvarın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.

Ailəlidir. İki övladı var.
AzVision.az


Teqlər:





Xəbər lenti