Fransada abort insan hüququ kimi müəyyənləşdirilir

   Fransada abort insan hüququ kimi müəyyənləşdirilir
  29 Fevral 2024    Oxunub:843
Gələn həftə Fransa parlamentinin birgə iclasında abort konstitusiya hüququ kimi qərarlaşdırılacaq.
AzVision.az xəbər verir ki, parlamentin yuxarı palatasında (Senat) sözügedən məsələ ilə bağlı qanun layihəsi səsvermədə təsdiqlənib.

Beləliklə, Fransada hamilə qadınlara abort azadlığı veriləcək.

Fransa hökumətinin bu addımına səbəb kimi abort hüququnun ABŞ-də və Avropanın digər ölkələrində "təhlükə altına düşməsi" göstərilir. Belə ki, ABŞ Ali Məhkəməsinin aborta zəmanət verən 50 illik hökmü 2022-ci ildə qüvvədən salması, habelə Macarıstan, Polşa, İtaliya, İspaniya kimi ölkələrdə bu hüququn məhdudlaşdırılması nəticəsində fransalı qanunvericilər onu konstitusiya çərçivəsində qorumağa qərar veriblər.

Ötən gün Senatda uzun müzakirələrin ardınca Baş nazir Qabriel Attal:

"Dünyada qadın hüquqlarının heçə sayıldığı bir dövrdə Fransa ayağa qalxır və özünü belə bir amalın qabaqcılı kimi görür", - deyib.

Prezident Emmanuel Makron, ədliyyə naziri Erik Düpon-Moretti, senatorlar Yan Brosa və Melani Foqel də qərarı alqışlayaraq, "feminizmin tarixi qələbəsi" kimi qiymətləndiriblər.

"Qadınların abort azadlığının dəyişməz qalacağına söz veririk", - Makron söyləyib.

Konstitusiyaya dəyişikliyin birinci gün Versal sarayında baş tutacaq birgə parlament iclasında lazımi beşdə üç səs çoxluğunu alaraq, tezliklə qüvvəyə minəcəyi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   abort   konstitusiya   hüquq  





Xəbər lenti