Psixiatriya və narkoloji dispanserlərdə nöqsanlar aşkarlanıb

  Psixiatriya və narkoloji dispanserlərdə nöqsanlar aşkarlanıb
  29 Fevral 2024    Oxunub:969
Paytaxtda və regionlarda yerləşən psixiatriya xəstəxanalarında sıxlıq problem var.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Həmçinin pasiyentlərin yaşayış sahəsinin mövcud standartlara uyğun olmadığı, çarpayıların bir-birinə yaxın, bəzən bitişik yerləşdirildiyi müşahidə edilib. Ölkə üzrə əksər psixiatriya müəssisələrinin əsaslı təmir edilməsi, yenidənqurma zamanı müasir standartların nəzərə alınması zəruridir. Başçəkmə keçirilmiş həmin müəssisələrdə həkim və orta tibb heyəti üzrə vakansiyaların mövcud olmasına baxmayaraq, kadr çatışmazlığı keyfiyyətli və effektiv tibbi yardımın göstərilməsinə imkan vermir.

Qeyd edilib ki, respublika üzrə narkoloji müəssisələrin sayının artırılmasına da ehtiyac var. Respublika Narkoloji Mərkəzinə həyata keçirilmiş başçəkmə zamanı müalicəyə cəlb edilməli kifayət qədər şəxsin gözləmə növbəsində olduğu müəyyən edilib.

Narkoloji müalicə müəssisələrində aşkar edilən problemlər, həmin müəssisələrdəki sıxlıq və müalicə gözləyən şəxslərin sayının çoxluğunu nəzərə alaraq, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir üsulların tətbiq edilməsi, narkoloq və klinik psixoloqların, narkoloji müalicə müəssisələrinin sayının artırılması, reabilitasiya mərkəzlərinin yaradılması bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün vacibdir. Narkotik asılılığından əziyyət çəkən yetkinlik yaşına çatmayan şəxslərin müalicə alması məqsədilə ixtisaslaşmış tibb müəssisələrində ayrıca şöbələrin yaradılması da məqsədəuyğundur.

AzVision.az



Teqlər:





Xəbər lenti