Üçüncü ştat Trampa qadağa qoydu

   Üçüncü ştat    Trampa qadağa    qoydu
  29 Fevral 2024    Oxunub:693
İllinoys ştatının hakimi martın 19-da respublikaçıların praymerizində keçmiş prezident Donald Trampın adının səsvermə bülletenindən çıxarılması barədə ştatın seçki şurasına tapşırıq verib.
AzVision.az “Chicago Sun Times” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, daha sonra siyasətçinin vəkillərinə apellyasiya şikayəti vermək üçün vaxt təqdim olunması səbəbindən hakim Treysi Porter qərarının icrasını dayandırıb. Trampın vəkilləri apellyasiyanı martın 1-nə qədər verməlidirlər. Hakim etiraf edib ki, onun qərarı “yekun nəticə” ola bilməz, çünki yuxarı instansiya məhkəmələri öz qərarlarını vermək imkanı olacaq.

Qeyd edək ki, İllinoys ştatında ilkin seçkilərdə qalib gələn namizəd 64 nümayəndənin səsini qazanacaq. Nümayəndələrin sayına görə Corciya ştatını (59 səs) bir az qabaqlayan İllinoys statı nümayəndə sayı nisbətində ölkədə altıncı yeri tutur.

İllinoys ştatında Trampın adının seçki bülletenindən çıxarılmasına çalışan qrupun vəkili Kerin Lederer, sabiq prezidentin tənqidçilərinin məhkəmənin qərarını alqışladıqlarını vurğulayıb.

“Bizim fikrimizcə, sözügedən qərarla bağlı inanılmaz dərəcədə vacib olan və onu Birləşmiş Ştatların Ali Məhkəməsinin potensial olaraq nəzərdən keçirməsindən fərqləndirən təfərrüat budur ki, hakim Porter həqiqətən də ona təqdim edilən sübutlarla tanış olub”, - Lederer deyib.

Trampın sekiqabağı qərargahı məhkəmənin qərarının konstitusiyaya zidd olduğunu və ondan şikayət verəcəyini bildirib.

ABŞ Konstitusiyasına edilən 14-cü Düzəlişin üçüncü hissəsinə əsasən, əsas qanunu dəstəkləmək üçün and içmiş, lakin üsyanda iştirak etmiş məmurlar icra hakimiyyəti, ordu, məhkəmə və s. orqanlarında vəzifə tuta bilməz. Vətəndaş müharibəsi başa çatdıqdan üç il sonra 1868-ci ildə təsdiq edilmiş bu tədbir Konfederatların hakimiyyətə qayıtmasının qarşısını almaq məqsədi daşıyırdı.

2021-ci il yanvarın 6-da Tramp tərəfdarlarından ibarət izdiham 2020-ci il prezident seçkilərinin nəticələrini təsdiqləmək üçün Konqresin toplanacağı binaya basqın edib. Qarşıdurmalarda 5 nəfər ölüb, 140 polis əməkdaşı yaralanıb. ABŞ Konqresi zorakılığa təhrikə görə 2021-ci ili yanvarın 13-də Trampa qarşı ittiham irəli sürərək ona impiçment elan edib. Eks-prezident, öz növbəsində, bu ittihamları dəfələrlə rədd edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   qadağa  





Xəbər lenti