Avstriya XİN rəhbəri: "Eskalasiya riskindən qaçınmaq lazımdır"

    Avstriya XİN rəhbəri:  "Eskalasiya riskindən qaçınmaq lazımdır"
  29 Fevral 2024    Oxunub:629
Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq İsrail-Livan sərhədi boyunca artan toqquşmalardan narahatlığını diqqətə çatdırıb.
AzVision.az xəbər verir ki, İsrail, İordaniya və Fələstininin Ramallah şəhərinə səfərinin ardınca Livana gələn Şallenberq bu sözləri paytaxt Beyrutda livanlı həmkarı Abdullah Bu-Həbiblə görüşünün yekununda söyləyib.

"Yaxın Şərq həddən artıq dağıntı və qəddarlıqla üzləşib. Tərəflər eskalasiya riskindən qaçınmalıdırlar", - o vurğulayıb.

(Avstriya və Livan XİN rəhbərləri Aleksander Şallenberq və Abdullah Bu-Həbib)

O həmçinin müsəlmanların müqəddəs Ramazan ayı boyunca Qəzza zolağında döyüşlərin dayandırılacağına ümid etdiyini dilə gətirib. Eyni zamanda, Qırmızı dənizdə gəmiləri hədəfə alan husilər haqqında "Əlləri yanmadan odla oynaya biləcəklərini düşünürlər" deyib.

Yeri gəlmişkən, gecə İsrail Hərbi Hava Qüvvələri Livanın cənub sərhədi boyunca yerləşən kəndlərinə endirdiyi zərbələr nəticəsində Kəfra kəndində 2 nəfər ölüb, 14 nəfər yaralanıb.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri də bu yaxında İsrail və "Hizbullah"ı sərhəddə qarşıdurmadan yayınmağa çağırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Avstriya   İsrail   Hizbullah  





Xəbər lenti