Süni mayalanmadan yazan vəkili həkim məhkəməyə verdi: "Xəstə sayım azalır"
Vəkil Əkrəm Həsənov daha əvvəlki paylaşımında həkimlərin qadınlarla əlbir olaraq cinayətə bərabər əmələ yol verdiklərini, sonsuz kişinin həyat yoldaşının hamilə qalması üçün başqa şəxsin donorluğundan istifadə edilməsini və gizlədilməsi yazmışdı. Məhkəmə işimdən sitat gətirən vəkil hadisənin həkim Ö.Tulumbacının işində olduğunu qeyd etmişdi.
“Öndər Tulumbacı xüsusi ittiham qaydasında Xətai Rayon Məhkəməsinə müraciət edib və vəkilin Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə məsuliyyətə cəlb edilməsini tələb edib. Məhkəmənin baxış iclası bu gün keçiriləcək" deyə Ə.Həsənov qeyd edib.
"Şikayətin qısaca mahiyyəti ondan ibarətdir ki, guya sözügedən yazımla Tulumbacıya böhtan atmışam. Xatırladıram ki, böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqdır. Həmin yazımda qeyd edilən faktlar Ali Məhkəmənin ictimaiyyətə açıq olan və tərəfimdən dərc edilən Qərarından götürülüb. Onların doğru və ya yalan olmasına mən cavabdeh deyiləm. Bəli, yazımda mən Ali Məhkəmənin Qərarındakı mövqeyə mənfi münasibətimi bildirmişəm. Amma fikir bildirməklə böhtan atmaq mümkün deyil. Şikayətdə faktla fikir kateqoriyaları qarışıq salınıb. Bu, hüququn əlifbasıdır!
Qısaca xatırladıram ki, həmin Qərarda söhbət ondan gedir ki, iddiaçı olan kişi arvadının donordan süni mayalanmasına razılıq vermədiyini və Tulumbacı ilə arvadının onu aldatdığını bildirir. Tulumbacı ilə qadın isə deyir ki, xeyr, kişinin yazılı razılığı olub. Lakin həmin razılıq məhkəməyə təqdim olunmayıb. Buna baxmayaraq, Ali Məhkəmə kişinin iddiasını rədd edib. O əsasla ki, razılığın olmadığını kişi özü sübut etməlidir və ümumiyyətlə belə razılıq olmadan donordan istifadə oluna bilməzdi. Yəni məhkəmə Tulumbacı ilə arvadı haqlı çıxarıb, mən də bunu olduğu kimi yazmışam.
Sadəcə mən məhkəmənin mövqeyini tənqid etmişəm. Çünki heç kəs etmədiyini sübut edə bilməz, bu absurddur. Ali Məhkəmənin analoji iş üzrə digər (17.04.2023-cü il tarixli 2(102)-1252/2023 saylı) qərarını da tapmışam. Orada klinika (həkimin adı göstərilməyib) məhkəməyə kişinin razılıq ərizəsini təqdim edib, lakin ekspertiza oradakı imzanın kişiyə məxsus olmadığını müəyyən edib. Buna görə də bu işdə qərar kişinin xeyrinə olub. Deməli, Ali Məhkəmə artıq fərqli mövqe sərgiləyib: sübutetmə yükü kişinin üzərində deyil və süni mayalanma onun razılığı olmadan həyata keçirilib".
Vəkil qeyd edib ki, Tulumbacı şikayətində bu yazıdan sonra xəstə müraciətlərinin azaldığını irəli sürülüb.
”Başa düşdüyüm qədər, o, ümumən Ali Məhkəmənin qərarını ictimailəşdirməyimdən narazıdır. Süni mayalanma dövlətimiz, onun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Söhbət genofonddan gedir. Bu sahədə hazırda heç bir ciddi nəzarət yoxdur. Allah bilir, qadınlarımızın donorları kimlərdir. Onsuz da zəifləyən ailə institutu üçün nəzarətsiz (heç sənədləri sonradan tapmaq olmur!) böyük təhlükədir. Ümumiyyətlə, təsəvvür etmək çətindir ki, Azərbaycan kişisi arvadının başqasından hamilə qalmasına razılıq versin.
Görəsən, donordan süni mayalanma nə dərəcədə milli-mənəvi dəyərlərimizə uyğundur? Bəli, mən bütövlükdə donor vasitəsilə uşağın doğulmasının əleyhinəyəm. Həmçinin ona görə ki, gələcəkdə qardaş və bacının evlənməsini istisna etmir, halbuki, həmin əməl qanunsuzdur. Bununla belə, qanunvericiliyimiz bu gün donorluğa imkan verirsə, burada ciddi qaydalar və nəzarət olmalıdır. Ən azı sənədləşdirmə işi qaydasında olmalıdır. Əks halda məhkəmələrdə belə təəccüblü işlər və qərarlar yenə də ola bilər.
Odur ki, hamını süni mayalanma məsələsi barədə mövqeyini ortaya qoymağa çağırır, bu sahəni ciddi ictimai nəzarət altına götürməyə səsləyirəm".
Qeyd edək ki, bir neçə gün əvvəl Əkrəm Həsənov sosial şəbəkə səhifəsində Öndər Tulumbacı tərəfindən süni mayalanma edilmiş qadının əkiz övladlarının olduğunu, lakin illər sonra boşanma prosesi zamanı uşaqların donor hesab edilən atadan olmadığını bildirmişdi. O, mayalanma üzrə mütəxəssis ilə qadının əlbir olaraq atanı aldatdığını, tamamilə başqa şəxsdən götürülmüş hüceyrələrlə mayalanma prosesinin həyata keçirildiyini iddia etmişdi. Hazırda həmin məsələ ilə bağlı da məhkəmə prosesi davam edir.
AzVision.az
Teqlər: