Ohanyan rusları təriflədi: "Sərhədimizdə mühüm rol oynayırlar"

   Ohanyan rusları təriflədi:  "Sərhədimizdə mühüm rol oynayırlar"
  01 Mart 2024    Oxunub:1030
Ermənistanın keçmiş müdafiə naziri, hərbi cani, parlamentdəki müxalifət fraksiyasının üzvü Seyran Ohanyan Rusiya hərbçilərini tərifləyib.
O, keçirdiyi brifinq zamanı hökumət nümayəndələrinin Rusiya sərhədçiləri ilə bağlı sərt açıqlamalarını tənqid edib.

"Zvartnots hava limanında yerləşdirilmiş rus sərhədçilərinin burada fəaliyyət göstərməsi məni narahat etmir. Hazırda baş verən hadisələri tam şəkildə anlaya bilmirəm. Uzun müddətdir ölkədən kənara çıxmağa icazəm də yoxdur. Hətta parlament rəhbərliyi məni müxtəlif parlamentlərarası komissiyaların işinə daxil etmir.

Ümumiyyətlə, Rusiya sərhədçiləri çox mühüm funksiyanı yerinə yetirirlər, Türkiyə ilə sərhəddin 300 kilometrini, İranla isə təxminən 42-43 kilometrlik ərazini qoruyurlar. Onlar getsələr, bizim üçün bu bölgədə, o cümlədən Türkiyə tərəfindən hansı problemlərin yaranacağını başa düşürsünüzmü? Ermənistan hakimiyyəti 2018-ci ildən bəri Rusiya ilə münasibətləri yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirib", - hərbi cani qeyd edib.

Paşinyanın partiyası rus sərhədçilərin Zvarnotsdan çıxarılmasını müzakirə edir
Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan fevralın 27-də diqqət çəkən açıqlamalar vermişdi. O, Rusiya sərhədçilərinin paytaxtdakı hava limanını tərk etməli olduğunu söyləyib. Simonyan qeyd edib ki, ermənilər özləri sərhədləri qoruyacaqlar.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova spikerin bəyanatına tənqidi yanaşıb. O, cavab olaraq deyib ki, "Ermənistan bizdən rus sərhədçilərinin İrəvanın Zvartnots hava limanından çıxarılmasını tələb etməyib".

Bu gün isə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası Rusiya sərhədçilərinin İrəvanın Zvartnots hava limanında xidmətinin dayandırılmasının mümkünlüyünü müzakirə edib.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd bölmələri 30 sentyabr 1992-ci il tarixli müqaviləyə əsasən fəaliyyət göstərir. Onlar Türkiyə və İranla sərhədlərin mühafizəsini həyata keçirirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   Sərhəd  





Xəbər lenti