Müəllimə şagirdə icazə vermədi, valideyn polisə şikayət etdi

   Müəllimə şagirdə icazə vermədi,    valideyn polisə şikayət etdi
  01 Mart 2024    Oxunub:1300
Bakı şəhəri 17 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdinin valideyni Günel İsrafilzadə Azərbaycan dili müəllimi Ülfət Mustafayevadan narazıdır.
Şikayətlə bağlı AzVision.az -a müraciət edən valideyn polisə də müraciət etdiyini vurğulayıb:

"Qızım rus dili bölməsi üzrə təhsil alır. Ülfət müəllimənin dərsində tualetə getmək üçün icazə istəyib. Amma müəllimə icazə verməyib. Tənəffüs zamanı gedəndə isə çatdıra bilməyib və üstünü batırıb. Evə gələndə üstü yaş idi və nə qədər müddət belə vəziyyətdə qalıb. Onun özünü saxlaması da böyrəklərinə ziyandır. Bu məsələ barədə müəlliməyə zəng etsəm də, o tənəffüsdə uşağımı özü apardığını və icazə istəmədiyini deyib. Hətta kameraya baxmağa da dəvət elədi. Amma sinifdə kamera olmadığı üçün onun düzgün danışdığına inanmıram. Elm və Təhsil Nazirliyinə müraciət etsəm də, zənglərinə cavab verilmədi. Onların "whatsap" qrupuna və 102 xidmətinə şikayət etdim. Daha sonra məni 34-cü polis bölməsinə çağırıb izahat aldılar".

Valideyn qeyd edib ki, daha sonra məktəb direktoru onun haqqında polisə şikayət ərizəsi yazıb:
"Qeyd eeib ki, guya mən onu hədələdiyib, müəlliməni təhqir etmişəm. Mən heç direktorun yanında olmamışam. Amma polis məni etmədiyim hərəkətə görə cərimə olunacağımı deyir".

17 nömrəli tam orta məktəbdən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 19.02.2024-cü il tarixində məktəbin II sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) valideyni ibtidai sinif müəlliminə zəng vuraraq övladının sanitar qovşağa getməsinə icazə vermədiyi üçün müəllimi nalayiq sözlərlə təhqir edib.

"Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb. Məktəbin kamera görüntülərindən şagirdin sanitar qovşağa getdiyi müşahidə olunub. Valideyn kamera görüntüləri əsasında məsələyə aydınlıq gətirilməsi üçün məktəbə dəvət olunsa da, o, məktəbə gəlməkdən imtina edib.

Valideyn müəllimə qarşı nalayiq ifadələr işlətdiyi üçün məktəb rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti