Azərbaycan Pulmonologiya Simpoziumu keçirilib

Azərbaycan Pulmonologiya Simpoziumu keçirilib
  02 Mart 2024    Oxunub:1294
Martın 2-də Türk Toraks Dərnəyinin (TTD) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Pulmonologiya Simpoziumu təşkil edilib.
AzVision.az xəbər verir ki, ölkəmizdə ilk dəfə keçirilən "Türk Toraks Dərnəyi Azərbaycan nümayəndəliyi - Azərbaycan Pulmonologiya Simpoziumu" Türkiyə və Azərbaycan qardaşlığının ən yüksək səviyyədə olduğu bu günlərdə, bütün sektorlarda olduğu kimi tibb sahəsində də birlik və bərabərliklə Türk dünyasına xidmət etmək yolunda mühüm addımdır. Tədbirin keçirilməsində əsas məqsəd TTD ilə Azərbaycan tibb təşkilatları arasında sıx əməkdaşlıq qurmaq və iki dövlətin ortaq ağciyər sağlamlığı problemləri ilə bağlı fəaliyyət planları qurmaqdır.

Ağciyər xəstəlikləri bütün dünyada əsas sağlamlıq problemidir. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin səhiyyə sistemlərinə böyük bir yük yaradır. Bu gün KOAH və tənəffüs yolu xəstəlikləri əsas ölüm səbəbləri arasında 3-cü, əlilliyə səbəb olan xəstəliklər arasında isə 5-ci yerdədir. Bir çox ağciyər xəstəlikləri tütün və tütün məmulatları, havanın çirklənməsi və biokütlə yanacaq istehlakı səbəbindən meydana çıxır. Təəssüf ki, hər iki ölkə tütün epidemiyasının əhəmiyyətli dərəcədə təsirinə məruz qalmış ölkələr siyahısındadır. İqlim dəyişikliyinin vəziyyətin daha da pisləşməsinə səbəb olduğu qaçınılmaz faktdır.

Tədbirdə Azərbaycan həkimlərinin rəyləri ilə müəyyən olunan elmi məzmunda bir çox tənəffüs yolları xəstəlikləri, o cümlədən astma və allergik xəstəlikləri, iqlim dəyişikliyi və havanın çirkliliyi, yuxuda tənəffüs yolu xəstəliklərinə qarşı mövcud yanaşma və TTD tərəfindən qismən dəstəklənən Azərbaycanda aparılan ilk çoxmərkəzli epidemiolojik tədqiqatın ilkin nəticələri, o cümlədən Azərbaycanda geniş yayılmış tənəffüs yolu xəstəliklərinin son vəziyyəti müzakirə olunub.

AzVision.az

Qalereya




Teqlər: tədbir   pulmonologiya   simpozium  





Xəbər lenti