Ceyhun Bayramov iraqlı həmkarı ilə görüşüb
Nazir Ceyhun Bayramov Azərbaycan və İraq arasında intensiv qarşılıqlı təmasların və səfərlərin münasibətlərin müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, investisiyalar, mədəni və sair istiqamətlər üzrə uğurlu inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Azərbaycan və İraq arasında tarixi dostluq və həmrəyliyə əsaslanan münasibətlərin ikitərəfli, o cümlədən regional və beynəlxalq platformalar çərçivəsində nümayiş olunan qarşılıqlı dəstəkdə özünü büruzə verdiyi bildirilib.
Qarşı tərəf cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı ətraflı məlumatlandırılıb, mümkün əməkdaşlıq sahələrinə toxunulub və İraq tərəfinin prosesdə yaxından iştirak edəcəyinə əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı durumundan bəhs edib.
Nazir Fuad Hüseyn İraqın Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu deyərək, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində mövcud potensialdan istifadənin zəruriliyini ifadə edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az