Vəkillər Kollegiyasında Bundestaqın nümayəndə heyəti ilə görüş keçirilib

Vəkillər Kollegiyasında Bundestaqın nümayəndə heyəti ilə görüş keçirilib
  02 Mart 2024    Oxunub:951
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) dəvəti ilə ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının (AFRB) Hüquq siyasəti komitəsinin sədri Elizabet Vinkelmayer-Bekerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, qonaqları salamlayan ARVK-nın sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun son illərdəki fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib və son dövrlər vəkillərin sayının 3 dəfədən çox artdığını nəzərə çatdırıb.

Kollegiyanın müstəqil təsisat olduğunu deyən sədr müxtəlif yerli və beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrdən, xeyli səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edib, bu istiqamətdə faydalı və qarşılıqlı fəaliyyətlərin, o cümlədən əlaqələrin daim inkişaf etdirildiyini vurğulayıb.

Görüşdə Anar Bağırov Almaniya Bundestaqının deputatı Frank Şvabenin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dondurulması təşəbbüsünü irəli sürməsini, o cümlədən ölkəmizin nümayəndə heyətinin bu il AŞPA-da keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarları yanlış addım hesab etdiyini vurğulayıb. Azərbaycan vəkilləri adından bu qərara etirazımızı bildirərək hesab edirik ki, AŞPA-da çıxarılan qərar əsassız və qərəzlidir.

Sonra geniş təqdimatla çıxış edən Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub son dövrlər müxtəlif istiqamətlərdə əsaslı şəkildə görülən işlərin hesabatlılığını diqqətə çatdırıb, ARVK-nın beynəlxalq təşkilatlarla əlaqələrinin qurulmasından, çoxsaylı nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən, o cümlədən sıx əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən bir sıra layihələrdən danışıb və əldə olunan beynəlxalq təcrübələrin Kollegiyanın fəaliyyətindəki rolundan nümunələr gətirib.

Daha sonra AFRB-nin Hüquq siyasəti komitəsinin nümayəndə heyətinin rəhbəri Elizabet Vinkelmayer-Beker çıxış edərək ölkəmizə səfərlərindən məmnunluqlarını ifadə edib, görüşün məqsədi, əhəmiyyəti barədə məlumat verib, o cümlədən görüş və müzakirələr aparılması üçün imkan yaradılmasına görə minnətdarlığını bildirib.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Sonda qonaqlara kitablar hədiyyə edilib.

AzVision.az

Qalereya




Teqlər: vəkillər   kollegiya   görüş  





Xəbər lenti