Gələcəyin peşələri - Bu ixtisaslara tələb artacaq

Gələcəyin peşələri - Bu ixtisaslara tələb artacaq
  06 Mart 2024    Oxunub:1252
Əvvəlki illərlə müqayisədə hümanitar ixtisaslara tələb azalır. Bunun əvəzinə İT və mühəndislik sahələrinə maraq sürətlə artır və bu ixtisaslara qəbul olmaq istəyənlərin sayı çoxalır. Bunu elm və təhsil naziri Emin Əmrullayev də son keçirdiyi brifinqdə təsdiqlədi. Nazir bildirmişdi ki, bir zamanlar III ixtisas qrupu üzrə "Beynəlxalq münasibətlər" fakültəsinə qəbul olmaq üçün yüksək bal tələb olunurdusa, artıq belə deyil.
Təhsil eksperti Elçin Süleymanov AzVision.az -a açıqlamasında bildirib ki, nazirin fikirləri doğru arqumentləri əhatə edir. O qeyd edib ki, texnoloji ixtisaslara tələb hər gün artır.

"Davos Forumunun hazırladığı və 2023-cü ildə çap elədiyi məşğulluq hesabatında yaxın 5 ildəki ixtisaslarla bağlı proqnozlar verilib. Hesabatda gələcəyin ən çox tələb olunan ixtisasların kompüter mühəndisliyi, müxtəlif sahələri əhatə edən analitiklər - maliyyə, biznes analitikləri olacağı vurğulanıb. Süni intellektin ortaya çıxması ilə müəyyən ixtisaslara tələb azalıb, müəyyən ixtisaslara isə artıb. Belə ki, süni intelektlə dizayn, filmlərin tərcümə, dublyaj edilməsi, musiqi, əyləncə kimi istiqamətlərdə ixtisaslar get-gedə ləğv olunacaq. İT texnologiyaları ilə idarəetmənin təkmilləşdirilməsi nəticəsində maliyyə-mühasibat sistemində, təhlükəsizlik xidmətində iş yerləri azalacaq. Şirkətlər İT texnologiyası ilə təhlükəsizlik sistemini daha da təkmilləşdirəcək".

Ekspert qeyd edib ki, ümumiyyətlə gələcəkdə 3 istiqamət üzrə ixtisaslara tələb artacaq:

"Birincisi, İT texnologiyalarını tətbiq edənlərdir. Burada analitiklər və düşünmə bacarığı olan şəxslər önəmli rol oynayacaq. İkincisi, onlayn ticarət platformalarıdır. Əksər istehsalat müəssisələrinin onlayn ticarət kanallarına meyilliliyi 20 faiz artıb. Üçüncüsü, isə fiziki həllərdir. Bura yemək bişirmək, fizioterapiya, təmir-tikinti, memarlıq və landşaft, kənd təsərrüfatı istiqamətləridir".

E.Əfəndiyev qeyd edib ki, tibb ixtisasları populyarlığını hər zaman qoruyacaq. Gələcəkdə əhalinin artması ilə ixtisaslı həkimlərə, ailə həkimi və tibb bacılarına tələb artacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti