Rusiya XİN: "Nuland rusofob siyasət aparan əsas fiqur idi"

    Rusiya XİN:    "Nuland rusofob siyasət aparan əsas fiqur idi"
  06 Mart 2024    Oxunub:937
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın gözlənilən istefasına reaksiya verib.
O, "Sputnik"ə açıqlamasında deyib ki, bu gediş ABŞ-nin Ukraynadakı uğursuzluğunun izlərini ört-basdır etmək planları ilə əlaqədardır.

Bundan başqa, Nuland hadisəsi Vaşinqton rəhbərliyinin Kiyevlə bağlı siyasətinin tam iflasa uğramasının əlamətidir: "Təbii ki, bu, Nulanda da bağlı olan siyasətin uğursuzluğudur. Çünki o, ölkəmizə qarşı rusofob siyasət aparan əsas fiqur idi. O, təkcə Dövlət Departamentinin yüksək səviyyəli nümayəndəsi deyildi, Amerikanın idarələrarası əməkdaşlığında əsas fiqur idi. "Koordinator” adlanan bir anlayış var... Bir sözlə, o, ABŞ-nin ilk növbədə Ukrayna kontekstində anti-Rusiya əhval-ruhiyyəsinin yaradılması və anti-Rusiya siyasətinin koordinatoru olub".

Xatırladaq ki, dünən ABŞ dövlət katibi Antoni Blinken özünün siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın yaxın həftələrdə vəzifəsini tərk edəcəyini açıqlamışdı.

A.Blinken vurğulayıb ki, V.Nulandın istefasından sonra onun vəzifələrini müvəqqəti olaraq dövlət katibinin müavini Con Bass yerinə yetirəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti