"44 tibbi xidmət dövlət büdcəsi hesabına qarşılanır" - Leyla Lətifova

   "44 tibbi xidmət dövlət büdcəsi hesabına qarşılanır" -    Leyla Lətifova
  06 Mart 2024    Oxunub:719
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Bona Dea Hospitalında uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə ümumilikdə 44 tibbi xidmət dövlət büdcəsi hesabına qarşılanır. Bu xidmətlərə ürək qapaqlarının bərpası və ya dəyişdirilməsi, ürəkətrafı kisənin açılması, qulaqcıqarası, mədəcikarası çəpər defektlərinin protezlə bərpası, kəskin ürək çatışmazlığında qanın oksigenlə zənginləşdirilməsi və digər tibbi prosedurlar daxildir. 2023-cü ilin noyabrından bu günədək 95 uşaq əməliyyat olunub.
AzVision.az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova jurnalistlərə açıqlamasında söyləyib.

L.Lətifova bildirib ki, əməliyyat üçün tətbiq olunan qaydaya əsasən, anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar tibb müəssisələri tərəfindən Respublika Uşaq Klinik Xəstəxanasının uşaq kardioloji şöbəsinə yönləndirilməlidir. Şöbədə aparılan müayinələrdən sonra son diaqnoz qoyulur və əməliyyat üçün tibbi göstəriş olduğu təqdirdə Bona Dea Hospitalına göndəriş verilir.

“Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlara təcili cərrahi müdaxilə tələb olunarsa, uşaq və onun qanuni nümayəndəsinin Respublika Uşaq Klinik Xəstəxanasına yönləndirilməsinə ehtiyac yoxdur. Təcili tibbi yardım tələb olunan hallarda yenidoğulmuşun vəziyyəti və transportabelliyi nəzərə alınaraq küvəzlə təmin olunmuş reanimobildə neonatoloq və tibb bacısının (mama) müşayiəti ilə uşaq əməliyyat üçün birbaşa Bona Dea Hospitalına çatdırılmalıdır. Bu halda tibb müəssisəsi tərəfindən son diaqnozun qoyulması və yekun icra olunacaq əməliyyatın təyinatı üçün agentliyin məsul şöbəsinə bu barədə elektron sorğu göndərilməli və razılıq alınmalıdı”, - deyə Leyla Lətifova əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti