Ötən il Bakı limanında 7,4 milyon ton yük aşırılıb

   Ötən il Bakı limanında 7,4 milyon ton yük aşırılıb
  06 Mart 2024    Oxunub:995
Bakı Limanında 2023-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırma 16 % artıb.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə təxminən 16 % çoxdur.

Ümumi yükaşırmanın 5,3 milyon tonu və yaxud 72 % tranzit yüklərin payına düşüb.

Hesabat ilində vaqon aşırılması 3,5% azalaraq 37,3 min ədəd olub. Vaqonların 18,6 min ədədi və yaxud 49,7 %-i Bakı-Türkmənbaşı-Bakı, 18,7 min ədədi və yaxud 50,3 %-i isə Bakı Kurık/ Aktau-Bakı istiqamətində hərəkət edib.

Bununla yanaşı, 2023-cü ildə iri həcmli nəqliyyat vasitələrinin (TIR) sayı əvvəlki ilə nisbətən 5,3 % artaraq 54,2 min ədə olub. Bu nəqliyyat vasitələrinin 25,8 min ədədi (47,6 %-i) Bakı-Türkmənbaşı-Bakı, 28,4 min ədədi (52,4 %) isə Bakı Kurık-Bakı istiqamətində daşınıb.

Hesabat dövründə konteynerlərin aşırılması TEU ekvivalentində 16 % azalaraq 43,9 min ədəd olub.

2023-cü ildə Dübəndi Neft Terminalında xam neft və neft məhsullarının aşırılması 2022-ci illə müqayisədə 2,1 dəfə artaraq 2,1 milyon ton olub.

Quru yüklərin aşırılması isə 1,6 % azalaraq 1 milyon tona düşüb.

Xatırladaq ki, 14 may 2018-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu limanın yükaşırma həcmi hər il artır. Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artır.

AzVision.az


Teqlər: Bakı   liman   yük  





Xəbər lenti