Avropa İttifaqı ölkələri arasında su savaşı başlaya bilər - "Politico"

      Avropa İttifaqı ölkələri arasında su savaşı başlaya bilər    - "Politico"
  07 Mart 2024    Oxunub:757
Su çatışmazlığı qlobal istiləşməyə hazır olmayan Avropa İttifaqı (Aİ) ölkələri arasında münaqişəyə səbəb ola bilər.
Bu fikirlər “Politico”da dərc olunan məqalədəndir.

Nəşr Avropa Komissiyasının kommünike layihəsinə istinadən yazıb ki, komissiya gələn həftə Aİ-yə üzv ölkələrin hökumətlərini iqlim dəyişikliyi ilə mübarizəni sürətləndirməyə çağıracaq.

Avropa ərzaq böhranı astanasındadır - "Bloomberg"
Sənəddə su qıtlığı həyatın demək olar ki, bütün sahələrini: ərzaq, infrastruktur, iqtisadiyyat və insan sağlamlığını təhdid edən ciddi problem kimi təqdim edilib.

Bu problemlər müxtəlif formalarda özünü büruzə verə bilər. Su ehtiyatları uğrunda artan rəqabət, transsərhəd su ehtiyatları üzərində potensial münaqişə riski genişlənəcək.

Müəllif qeyd edib ki, artıq bəzi bölgələrdə mübahisələr yaranıb. İspaniyada quraqlıqdan əziyyət çəkən katalonlar hökuməti çayın məcrasını qonşu Araqondan uzaqlaşdırmağın vacibliyinə inandırmağa çalışır. Bununla da siyasi gərginlik alovlanır. Fransada isə keçən il su anbarları yaratmaq planlarına görə etirazlar, şiddətli toqquşmalar baş vermişdi.

Qeyd edək ki, Avropa Komissiyasının iqlim dəyişikliyi ilə mübarizəyə dair çağırışı bazar ertəsi dərc olunacaq. Daşqınlar və quraqlıq kimi ekstremal su hadisələrinin artması Avropanın üzləşdiyi iqlim təhlükələrindən yalnız biridir. Komissiya sənədində təfərrüatlara varmadan Avropa üçün 36 əsas riski müəyyən edib. Onlardan bəziləri artıq fəlakətli səviyyədədir.

Ümumilikdə, komissiya bəyan edib ki, Aİ quraqlıq, daşqınlar, meşə yanğınları, xəstəliklər, məhsul çatışmazlığı, temperaturun artmasından yaranan ölüm halları, infrastrukturun zədələnməsi və ətraf mühitin dəyişməsi kimi fəlakətləri daha çox gözləyə bilər.

Xatırladaq ki, bir neçə gün öncə Bloomberg nəşri də oxşar mövzuda araşdırma yazısı dərc etmişdi. Məqalədə qeyd edilirdi ki, Avropada tez-tez baş verən təbii fəlakətlər və bəzi ölkələrin bir-biri ilə münasibətlərinin pisləşməsi fonunda ərzaq böhranı riskləri güclənir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Su   Avropa   Avropa-İttifaqı   Münaqişə   İqlim  





Xəbər lenti