Dubayda "Tovuza salam de" macərası: "Qaradərili uşağa heç toxunmamışdım"
Mehman Pənahov AzVision.az -a açıqlamasında Eminlə hava limanında tanış olduğunu deyib:
"O, öz dostu ilə mən də öz dostumla gedirdik. Hava limanında danışdıq və Dubayda bir yerdə gəzdik. "Dubay Mall"un içərisində hərəkət edəndə Emin qara dərili uşağa yaxınlaşıb, onunla selfi və video çəkdi. Həm də uşağa deyib ki, "Tovuza salam de". Başqa millətin uşağı o sözün mahiyyəti nə bilsin. Mən isə onlardan 10-15 metr aralıda idim. Daha sonra səslədi ki, dostu ilə özünün və uşağın şəklini çəkim. Başqa heç nə etməmişəm. Heç uşaqla şəklim də yoxdur, toxunmamışam.
Anası ticarət mərkəzinin təhlükəsiyinə müraciət elədi. Polis Emini uşağa toxunduğu üçün, məni isə şəkli çəkdiyim üçün saxladı. Əslində qayda belədir ki, kiminsə icazəsiz şəklini çəkəndə polis onu sildirir. Amma Emin başqasının uşağının çiyninə əlini qoyub. Dubayda başqasının uşağına toxunmaq olmaz".
M.Pənahov şəkli çəkdiyi üçün şahid kimi Eminlə bərabər saxlanıldığını qeyd edib: "Əslində mən azad olunmalı idim, polis idarəsində də mənim günahımın olmadığı qeyd edilirdi. Biz dekabrın 11-i Dubaya getdik, 2 gündən sonra qayıtmalı idik. Amma martın 6-da gəldik. 87 gün ancaq oteldə öz hesabımıza qalmışıq. Bizə səfirlik, konsulluq heç bir köməklik göstərmədi. Araşdırılır deyilib, vaxtı uzadırdılar. Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə koordinatoru Nuranə Hüseynova və diaspor fəalı Səbinə Səfərovanın köməkliyi ilə bizə qoyulan stop götürüldü.
Nuranə xanım uşağın anası ilə danışıb, şikayəti geri götürdüb. Xanım deyib ki, "mən şəklin silinməsini istəmişdim. Bilməzdim ki, onlara burada bu qədər əziyyət edərlər"".
Aytən Zəhra
AzVision.az
Teqlər: