Paytaxtda daha bir ərazi avtomobilsiz zonaya çevrildi
Qərarın icrası Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən birgə həyata keçiriləcək.
Martın 12-dən bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri fəaliyyətini dayandırır.
Sözügedən ərazidən gün ərzində 13 müxtəlif marşrut üzrə 1237 dəfə avtobus keçir. Bakının ən böyük piyada axını olan küçələrindən biri – Puşkin küçəsindən günün pik saatlarında minlərlə insan istifadə edir. Avtomobillərin sıxlığı səbəbindən piyadaların təhlükəsiz hərəkəti müşkülə çevrilir. Şəhər mərkəzinin küçə parklanma yeri kimi istifadəsi səmərəsizdir. Bu nəqliyyat qovşağında piyada keçidləri yalnız yerin altında təşkil edilib. Bu da o deməkdir ki, xeyli sayda insanın keçdiyi ərazidə hərəkət prioriteti məhz avtomobillərə verilib. Nəqliyyatın bir növünün digərinə keçdiyi bu ərazinin piyadalaşdırılması və təhlükəsiz mühitin yaradılması zəruridir.
Həyata keçirilən tədbirlər mövcud nəqliyyat qovşağının təkmilləşdirilməsi, ətraf ərazidə parkların, çoxsaylı ticarət və iaşə obyektlərinin yerləşdiyini nəzərə alaraq piyadaların rahatlığının və təhlükəsizliyinin təmin olunması, eləcə də Bakının polisentrik (çoxmərkəzli) inkişaf etdirilməsi üzrə görülən işlərin tərkib hissəsidir.
AzVision.az
Teqlər: Bakı nəqliyyat məhdudiyyət 28-May