Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclası keçirilib

   Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclası keçirilib
  11 Mart 2024    Oxunub:922
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qazaxıstanın Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclası keçirilib. Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı kənd təsərrüfatı, qida sənayesi, tekstil, tikinti, İKT, logistika, nəqliyyat, turizm və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
AzVision.az xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətlərinə söykənən sıx siyasi əlaqələrimizi vurğulayaraq, prezidentlərin qarşılıqlı yüksək səviyyəli səfərləri və birgə səylərinin ölkələrimizin iqtisadi-ticarət əlaqələrinə də mühüm töhfə verdiyini bildiriblər.

Tədbirdə iştirak edən energetika nazirinin müavini Samir Vəliyev qeyd edib ki, Azərbaycanın münbit investisiya mühiti, o cümlədən işğaldan azad olunmuş ərazilərdə sərmayədarlar üçün təklif olunan imtiyazlar Qazaxıstan ilə investisiya tərəfdaşlığının intensivləşdirilməsi üçün mühüm imkanlar yaradır.

Qazaxıstanın nəqliyyat nazirinin müavini Sətcan Ablaliyev ölkələrimizin nəqliyyat-logistika, xüsusilə Orta Dəhliz layihəsi çərçivəsində inkişaf edən əməkdaşlığı haqqında danışıb. Çindən Avropaya göndərilən mallar üzrə Qazaxıstandan Azərbaycana tranzit daşımaların həcminin dəfələrlə artığı vurğulanaraq bu istiqamətdə artım üçün əhəmiyyətli potensialın olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, iclasda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Kərimsakov iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikirləri və təklifləri ilə çıxış ediblər.

Tədbir çərçivəsində Qazaxıstanın “Atameken” Milli Sahibkarlar Palatası və ASK arasında Anlaşma Memorandumu imzalanıb.

Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.

AzVision.az


Teqlər: Azərbaycan   Qazaxıstan  





Xəbər lenti