"Heydər Əliyev - Unudulmaz Lider" adlı sərgi açılıb - FOTOLAR

   "Heydər Əliyev - Unudulmaz Lider" adlı sərgi açılıb -    FOTOLAR
  11 Mart 2024    Oxunub:1195
Martın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) “Heydər Əliyev - Unudulmaz Lider” adlı foto və xalça sərgisinin açılışı keçirilib.
MEK-dən AzVision.az -a bildirilib ki, qonaqlar dahi şəxsiyyət Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoların əks olunduğu xalçalarla tanış olublar. Xalçalar üzərində toxunmuş əl işləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Daha sonra MEK-in direktoru Məmməd Əliyev Ulu Öndərin irsinin gələcək nəsillərə ötürülməsinin hər bir azərbaycanlının borcu olduğunu bildirib və bu işdə kitabxanaların xüsusi rolunu qeyd edib: “Kitabxana “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi yüksək səviyyəli layihələri, konfransları və əlamətdar tədbirləri ilə yadda qalıb. Bu sərgi də həmin tədbirlərin davamı olaraq bir müddət bu zalda bütün oxuculara açıq olacaq”, - deyən direktor MEK tərəfindən ərsəyə gətirilən, Azərbaycan və ingilis dillərində səsləndirilən “Heydər Əliyevin aforizmləri” audiodiskini qonaqlara hədiyyə edib.

Tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət və İnkişaf Partiyasından olan deputatı İbrahim Köşdərə öncə sərginin təşkilində əməyi keçənlərə minnətdarlığını bildirib. Qonaq 12 illik siyasi fəaliyyətini qələmə alaraq bir roman ərsəyə gətirdiyini bildirib və kitabı Azərbaycan dilinə tərcümə edərək ölkəmizdə təqdimatının keçirilməsini də planlaşdırdığını vurğulayıb.

Milli Məclisin deputatları Jalə Əhmədova və Vüqar İskəndərov çıxışlarında “Heydər Əliyev - Unudulmaz Lider” sərginin təşkilini yüksək qiymətləndirərək qeyd ediblər ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.

İki qardaş ölkənin dostluğundan danışan qonaqlar TBMM deputatının tədbirdə iştirakını Türkiyə - Azərbaycan qardaşlığının təcəssümü kimi qiymətləndiriblər.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xatırladıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” olub. Diqqətə çatdırılıb ki, Heydər Əliyevin zəngin dövlətçilik irsi daim öyrənilməli və öyrədilməlidir. YAP Yasamal rayon təşkilatının sədri onu da vurğulayıb ki, arxivlərə müraciət edərkən rəhbərliyinin hər iki dövründə Ulu Öndərin Azərbaycana necə əvəzsiz xidmətlərinin sənədlərlə şahidi olub.

AzVision.az

Qalereya




Teqlər: Heydər-Əliyev   MEK   kitabxana   sərgi  





Xəbər lenti