Qeyri-neft ixracatı niyə azalıb?

   Qeyri-neft ixracatı niyə azalıb?
  14 Mart 2024    Oxunub:1019
“2024-cü ilin yanvar ayında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22 faiz, real ifadədə 30 faiz azalaraq 222 milyon dollar olub. Dövlət Statistika Komitəsi bununla bağlı açıqlama yayıb”.
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Deputat qeyri-neft-qaz ixracatındakı aylıq azalmanı daha çox mövsümi faktorlarla bağlasa da, digər iqtisadi səbəblərin də dövriyyəyə təsirsiz ötüşmədiyini deyib.

“Belə ki, 2022 və 2023-cü illərdə qeyri-neft-qaz ixracatının dəyərinə regiondakı inflyasiya səviyyəsi də təsir göstərirdi. İxrac bazarlarımızdakı yüksək inflyasiya məhsulların dəyərini həcm ilə müqayisədə daha çox artırırdı. 2023-cü ilin payız aylarından başlayaraq isə qlobal və regional inflyasiya səviyyəsində azalmalar müşahidə olundu ki, bu da ümumi ixracın dəyərinə təsir göstərdi.

Digər tərəfdən, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir. Belə ki, qeyri-neft-qaz məhsulları ixracatının 55,4 faizi iki ölkənin payına düşüb. Neftsiz ixracatın 34 faizi Rusiya, 21,4 faizi isə Türkiyəyə yönəlib.

Bunlarla yanaşı, kənd təsərrüfatı mövsümünün başlanmasının yenidən Azərbaycanın qeyri-neft ixracatını artıracağı istisna deyil. Bütün hallarda qeyri-neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır”.

AzVision.az



Teqlər:





Xəbər lenti