TDQ Dilçilik İnstitutuna 200-ə yaxın kitab bağışlayıb - FOTOLAR

TDQ Dilçilik İnstitutuna 200-ə yaxın kitab bağışlayıb -    FOTOLAR
  14 Mart 2024    Oxunub:1200
Martın 14-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Türk Dil Qurumunun (TDQ) təşkilatçılığı ilə kitab sərgisi keçirilib.
AMEA-dan AzVision.az -a bildirilib ki, sərgidə Türk Dil Qurumunun Dilçilik İnstitutuna hədiyyə etdiyi 200-ə yaxın kitab nümayiş olunub.

İnstitutda türkiyəli qonaqların iştirakı ilə keçirilən tədbidə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsinin elm sahəsində əməkdaşlığa da geniş meydan açdığını söyləyib.

Azərbaycan-Türkiyə qardaşlığının dünyaya nümunə olduğunu deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə başa çatan 44 günlük Vətən müharibəsi ölkələrimiz arasındakı münasibətlərdə yeni bir tarixi salnaməyə çevrildi, qardaş Türkiyə haqq savaşımızın hər anında Azərbaycanın yanında oldu.

AMEA rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki çıxışı zamanı səsləndirdiyi “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, - sözlərini xatırladıb. O, Türk Tarix Qurumunun işğaldan azad edilmiş ərazilərə səfər edən Türkiyənin elmi qurumları arasında ilk müəssisə olduğunu bildirib.

Ölkələr arasında beynəlxalq kitab mübadiləsinin əhəmiyyətindən danışan AMEA rəhbəri Türk Dil Qurumu tərəfindən AMEA-ya hədiyyə olunmuş çoxsaylı kitabların miras qalacağını, gələcək nəsillərin bu kitablardan bəhrələnəcəyini vurğulayıb. Qeyd edib ki, bugünkü kitab təqdimatı Türkiyənin elmi qurumları ilə əlaqələrin bundan sonrakı mərhələdə daha sürətlə inkişafına təkan verəcək.

Akademik İsa Həbibbəyli həmçinin Türk Dil Qurumunun rəhbəri professor Osman Mərtin Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Dilçilik İnstitutunun “Fəxri professor”u seçildiyini diqqətə çatdırıb, bu münasibətlə alimi təbrik edib.

Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxışında Osman Mərtin müasir türkologiyanın əsas simalarından biri olduğunu vurğulayıb. Qeyd edib ki, o, Azərbaycan dilinə, dilçilik elminə sevgisi olan ziyalılardandır. Son illərdə Osman Mərtlə Dilçilik İnstitutu arasında dostluq münasibətinin formalaşdığını deyən professor Nadir Məmmədli bildirib ki, bu, Türkiyənin dilçilik mühiti ilə əlaqə deməkdir.

Professor Nadir Məmmədli “Fəxri professor” diplomunu qonağa təqdim edib.

Osman Mərt ona göstərilən diqqətə görə AMEA prezidentinə və Dilçilik İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib. O, bundan sonra da Türkiyə ilə Azərbaycan arasında elmi əlaqələrin gücləndirilməsinə çalışacağını deyib.

Sonda qonaqlar AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yerləşən Məhməd Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzi ilə tanış olublar.

Qeyd edək ki, tədbirdə Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri professor Dərya Örs və Türk Tarix Qurumunun rəhbəri professor Yüksəl Özgən də iştirak ediblər.

AzVision.az

Qalereya




Teqlər: TDQ   Dilçilik-İnstitutu   kitab   sərgi  





Xəbər lenti