Kino sənətimizlə ilə bağlı layihəyə start verilib - FOTOLAR

   Kino sənətimizlə ilə bağlı layihəyə start verilib -  FOTOLAR
  15 Mart 2024    Oxunub:1119
Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Kinomuzu yaradanlar... kinomuzu yaşadanlar" layihəsinə start verilib.
AzVision.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, layihə Milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılması, kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması və yaşadılması məqsədilə Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə milli kino sənətkarlarının yubileyinə həsr olunub.

O qeyd edib ki, layihə çərçivəsində görkəmli və unudulmaz milli kino sənətkarlarının iştirakı ilə yaradılmış Azərbaycan filmlərinin 2024-cü il ərzində hər ay bir kino xadiminə həsr edilməklə Nizami Kino Mərkəzində mütəmadi olaraq nümayişləri təşkil ediləcək. Belə ki, mart ayından başlayaraq ilk üç ay Xalq artistləri Mirzə Babayevin 110, Rasim Ocaqovun 90, Həsən Məmmədovun 85 illiyinə həsr olunub. Nümayişlər hər həftənin cümə günü saat 15:00-da baş tutacaq.

"Mən çox qürur duyuram ki, biz yenidən Mədəniyyət Nazirliyinin dəstəyilə Nizami Kino Mərkəzində toplaşmışıq. "Kinomuzun yaradanlar...kinomuzu yaşadanlar" layihəsi ölkəmizin görkəmli mədəniyyət xadimi Mirzə Babayevə həsr olunub. Mirzə Babayev çox istedadlı musiqiçi və ifaçı idi. Bununla yanaşı, o kino yaradıcılığında Azərbaycan incəsənətinə böyük tövhələr verib. Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən olan Mirzə Babayev ilk dəfə 1958-ci ildə Azərbaycan kinomatoqraflığına addım atıb. Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin unudulmaz bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi mədəniyyətimizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer tapmışdı. Mirzə Babayevin aktyor kimi müxtəlif rolları yüksək peşəkarlıqla ifa etməsi və bənzərsiz səsi ilə kino tariximizin qızıl səhifələrini yazıb", - deyə C.Quliyev qeyd edib.

Tarix elmləri doktoru, professor Dilarə Seyidzadə çıxışında Seyidzadələr nəslinin görkəmli nümayəndəsi, rejissor Hüseyn Seyidzadənin yaradıcılığından söz açıb. Vurğulayıb ki, Azərbaycan kinosunun tarixini yaşadan, salnaməsini yaradan mədəniyyət xadimlərindən biri məhz Hüseyn Seyidzadə olub. Rejissorun “Dəli Kür” filmində rəqs səhnəsində Mirzə Babayevin ifasına bu gün də emosiyasız baxmaq mümkün deyil. "Dəli Kür" filminin Azərbaycan kino tarixində çox önəmli rolu var. Onun milli musiqi mədəniyyəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilib, Vətənin ən yüksək fəxri adlarına layiq görülüb, bir sıra orden və medallarla təltif olub. İllər, qərinələr keçəcək, lakin unudulmaz estrada ulduzu Mirzə Babayevin zəngin musiqi irsinin şölələri heç vaxt sönməyəcək. Bu böyük sənətkarın yaradıcılığından bir məktəb olaraq neçə-neçə nəsillər bəhrələnəcək", - deyə D.Seyidzadə əlavə edib.

Uzun müddət Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərdiyini qeyd edən D.Seyidzadə bildirib ki, Azərbaycan xalqını sevən və xidmət edənlərdən biri məhz Ulu Öndər Heydər Əliyev olub. Hüseyn Seyidzadənin çəkdiyi filmlərin kinomuzun “Qızıl fondu”na daxil edildiyini diqqətə çatdıran D.Seyidzadə əlavə edib ki, bu filmlər və Mirzə Babayev kimi insanlar gənclərimiz üçün örnək rolunu oynamalıdır.

Mirzə Babayevin nəvəsi Emin Babayev çıxışı zamanı ailələri adından Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. O, xatırladıb ki, ötən ilin noyabr ayında Heydər Əliyev Sarayında Mirzə Babayevin anım günü keçirilib. Babası haqqında xatirələrini bölüşən E.Babayev çıxışı əsnasında kövrələrək qeyd edib ki, M.Babayevin öz evində əlyazma şəklində çəkildiyi filmlərin siyahısını saxlayıb və o, 50-dək filmə çəkilib.

Əməkdar artist Rahib Azəri çıxışında bildirib ki, Mirzə Babayev çox unikal bir insan olub. İfa etdiyi mahnılar, kinolarda oynadığı rollar Mirzə Babayev tərəfindən unikal şəkildə reallaşdırılıb.

Çıxışlardan sonra layihə çərçivəsində rejissor Hüseyn Seyidzadənin Xalq artisti Mirzə Babayevin iştirakı ilə çəkdiyi "Dəli Kür" bədii filmi nümayiş olunub.

AzVision.az

Qalereya




Teqlər: kino   film   layihə  





Xəbər lenti