Laçında Novruz yarmarkası keçiriləcək

   Laçında Novruz yarmarkası keçiriləcək
  16 Mart 2024    Oxunub:1126
Laçın torpaqları illər sonra Baharı öz doğma sakinləri ilə qarşılayır. Hazırda “Can Laçın” Novruz yarmarkasına hazırlıq işləri gedir. Yarmarkada həm Laçında ərsəyə gələn məhsullar və tanınmış sənətkarların əl işləri sərgilənəcək, həm də bayram şənliyində milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunacaq.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Can Laçın” adlı yarmarka martın 19-da, Torpaq çərşənbəsində baş tutacaq. Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə xüsusi nümayəndəliyi, “Bakı Abadlıq Xidməti” MMC və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə Həkəri çayının kənarında keçiriləcək bayram günündə rəsmi şəxslər, Laçın sakinləri, Laçının tikinti və abadlıq işlərində çalışanlarla bərabər tanınmış qonaqların da iştirakı nəzərdə tutulur.

Yarmarkaya usta Hüseyn Hacı Mustafazadə dünyada məşhur şəbəkələr, Aqil Kərimov milli üslubda hazırladığı papaqlar, usta Zahid Vələdov milli musiqi alətləri, xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulova şəxsi kolleksiyası ilə qoşulacaqlar. Yarmarkada həmçinin “Gilabi Ceramics”, “İslimi”, “Zili”, “Darayı” milli brendlərinin məhsulları sərgilənəcək. Laçın torpağında becərilən kənd təsərrüfatı məhsulları, Laçın xanımlarının əl işləri və şirniyyatlar, "Zerti Aqrosənaye" kompleksinin məhsulları da yarmarkada yer alacaq.

Keçəl və kosanın çıxışları, bir çox əyləncəli proqram, hədiyyəli yarışmalar da baş tutacaq. Kosa öz xurcununa bayram iştirakçılarının adları yazılan kağız parçalarını yığacaq və müsabiqədə adları çıxan bir neçə nəfərə “İsmabikes” velosipedləri hədiyyə olunacaq.

“Can Laçın” yarmarkasında tanınmış müğənnilərin iştirakı ilə konsert də keçiriləcək.

Xatırladaq ki, ilk “Can Laçın” yarmarkası Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təşkil olunmuşdu.

AzVision.az


Teqlər: Laçın   Novruz   yarmarka  





Xəbər lenti