Böyük neft şirkətləri yanacaqlardan sürətli keçidin əleyhinədir

   Böyük neft şirkətləri yanacaqlardan sürətli keçidin əleyhinədir
  19 Mart 2024    Oxunub:944
“Petrobras”, “Saudi Aramco”, “Shell” və “Woodside Energy” kimi neft şirkətlərinin yüksək səviyyəli rəhbərləri Hyustonda keçirilən “CERAWeek 2024” enerji konfransında qalıq yanacaqlardan sürətli keçid çağırışlarına qarşı çıxıblar.
Bu barədə “Reuters” məlumat yayıb. Agentlik neft şirkəti “Saudi Aramco”nun baş direktoru Amin əl-Nasserdən sitat gətirib: “Biz neft və qazı mərhələli şəkildə dayandırmaq fantaziyalarından əl çəkməli və əvəzində tələbatı ödəmək üçün onlara adekvat sərmayə qoymalıyıq”.
“Shell”in baş direktoru Vael Savan Amin əl-Nasserin fikrini dəstəkləyib. Braziliyanın milli neft-qaz şirkəti “Petrobras”ın baş direktoru Jan-Pol Prates deyib ki, ehtiyat tələsikdən üstün olmalıdır.

“Exxon Mobil”in baş direktoru Darren Vuds da qeyd edib ki, ekoloji cəhətdən təmiz yanacaqların tənzimlənməsi məsələləri hələ həll olunmayıb.
Bu arada ABŞ-ın energetika naziri Cennifer Qranholm neft sənayesinin yüksək səviyyəli rəhbərlərinin bərpa olunan yanacaqlarla bağlı fikirlərini rədd edib. O, ekoloji cəhətdən təmiz yanacaqlara keçidi qlobal enerji sisteminin danılmaz, qaçılmaz və zəruri restrukturizasiyası adlandırıb: “Bu bir fikirdir. Bunun əksini söyləyən başqa tədqiqatlar da var ki, neft və qaza tələbat 2030-cu ilə qədər pik həddə çatacaq”.


İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti