XİN rəhbəri Britaniya rəsmisi ilə COP29-la bağlı müzakirə aparıb
Azərbaycanla Birləşmiş Krallıq arasında qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli tərəfdaşlıq münasibətlərinin inkişafına önəm verildiyi vurğulanıb. Bu strateji münasibətlərin daha da möhkəmləndirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tərəflər neft və qaz hasilatı və ixracı sahəsində uzun illər aparılan strateji əməkdaşlıq ilə yanaşı, iki ölkə arasında alternativ enerji sahəsində geniş əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıblar.
Görüşdə Azərbaycanın günəş və külək enerjisi istehsalı üzrə geniş potensialından və hazırda icra olunan layihələrdən, Yaşıl Enerji zonalarının yaradılması işlərindən bəhs olunub. BP şirkəti ilə birgə həyata keçirilən 240 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə işlər nəzərdən keçirilib.
Görüş zamanı nazir Ceyhun Bayramov ölkəmizin COP29-a sədrliyi üzrə planları və prioritetləri barədə qarşı tərəfə ətraflı məlumat təqdim edib. İqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə səylərin əhəmiyyəti qeyd olunub.
Həmçinin görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az