Ceyhun Bayramovun Fidanla görüşü baş tutub

   Ceyhun Bayramovun Fidanla görüşü baş tutub
  21 Mart 2024    Oxunub:704
21 mart 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Nüvə Enerjisi Sammiti çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşüb.
Xarici İşlər Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, görüş zamanı ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda davam edən uğurlu əməkdaşlığın regional inkişafa mühüm töhfələr verdiyi, bu xüsusda ticarət, enerji, təhlükəsizlik, nəqliyyat, elm-təhsil və bir çox digər istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyəti vurğulanıb. Bölgədə nəqliyyat dəhlizlərinin birgə inkişafının əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi barədə həmkarına məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: XİN   Türkiyə   görüş  





Xəbər lenti