Ekspert: "14 nəfərin yüksək bal toplaması düzgün strategiyanın nəticəsidir"

  Ekspert:  "14 nəfərin yüksək bal toplaması düzgün strategiyanın nəticəsidir"
  03 Aprel 2024    Oxunub:1380
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan verən şagirdlər arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Şagirdlərin 7-si Bakı məktəblərini, digərləri isə regionlarımızı təmsil edirlər. Qeyd edək ki, digər illərlə müqayisədə bu il maksimum bal toplayanların sayı yüksəkdir.
Beş paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib
Təhsil eksperti Kamran Əsədov AzVision.az -a açıqlamasında göstərilən nəticənin gözlənilən olduğunu qeyd edib. Onun sözlərinə görə, əvvəlki illərin test tapşırıqları ilə müqayisədə bu il keçirilən buraxılış imtahanlarında sualların ağırlıq səviyyəsinin az olduğu müşahidə olunur:

“Artıq pandemiyanın mənfi təsirlərinin aradan qalxdığını da görürük. Yəni 2020-ci ilin martında pandemiya səbəbindən tədrisin normal təşkili həyata keçirilə bilmirdi. 2021-2023-cü illərdə imtahan verən şagirdlərin böyük əksəriyyəti təhsillərini pandemiya dövründə almışdılar. Ona görə nəticələr zəif idi. Virus dövrü artıq arxada qalıb və şagirdlər proqram üzərində kifayət qədər işləyə bilirlər.

Həmçinin məktəblər, regional təhsil idarələri tədrisin təşkilində keyfiyyətə maraqlıdır. Regional idarələrin mütəmadi olaraq məktəblərdə monitorinq imtahanları keçirmələri yaxşı xəbərdir. Buraxılış imtahanında 14 nəfərin maksimum bal toplamasını son üç il ərzində təhsil sistemində düzgün strategiyanın nəticəsi kimi də dəyərləndirmək olar. İmtahanın birinci mərhələsində maksimum bal toplayanların sayı əvvəlki illərdən daha çox olacaq. Çünki şagirdlərimizə hazırkı test tapşırığı modelləri tanışdır”.

Ekspert rayon, kənd məktəblərinin şagirdlərinin kifayət qədər yaxşı nəticə göstərməsinin sevindirici xəbər olduğunu vurğulayıb. K.Əsədov həmçinin özəl, təhsil haqqısı yüksək olan məktəblərin şagirdləri arasında maksimum bal toplayanların olmamasına da diqqət çəkib:

"Ən vacib məqam isə 300 bal yığan 14 nəfərdən 13-nün qız şagirdimiz olmasıdır. Qızların təhsilə cəlbi və yaxşı nəticə göstərmələri istiqamətində işlər aparılır. Eyni zamanda bu, son üç il ərzində təhsil sistemində düzgün strategiyanın nəticəsidir. Buna qədər məktəblər, regional təhsil idarələri prosesdən müəyyən qədər kənarda idilər. Yükü hazırlıq kurslarının, repetitorların üzərinə atmışdılar. Amma indi özləri müəyyən qiymətləndirmələr həyata keçirirlər və təhsil artıq hamının işi olub. Ona görə də yaxşı nəticə var”.

Həmidə İbrahimova

AzVision.az




Teqlər:   İmtahan  





Xəbər lenti