ABŞ universitetinə qəbul olan Mehdinin təhsilhaqqını dövlət qarşılaya bilər? - AÇIQLAMA

   ABŞ universitetinə qəbul olan Mehdinin təhsilhaqqını dövlət qarşılaya bilər? -    AÇIQLAMA
  05 Aprel 2024    Oxunub:1563
Dövlət Proqramı İdarəetmə Qrupu ABŞ-nin ən nüfuzlu universitetlərindən olan Drexel Universitetinə qəbul alan Mehdi Məmmədovun təhsil xərclərini ödəyə bilməməsinə münasibət bildirib.
Qrupdan AzVision.az -a verilən məlumata görə, 2024/2025-ci tədris ili üçün “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili üzrə sənəd qəbulu 13 noyabr 2023-cü il tarixində ictimaiyyətə elan edilmiş “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı” əsas götürülərək həyata keçirilir.

"Sözügedən siyahı müvafiq Sərəncamda müəyyən olunmuş 15 prioritet sahə əsas götürülməklə hər il Elm və Təhsil Nazirliyi tərəfindən yenilərək ictimaiyyətə elan edilir. Müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlərin “universitetlər üzrə top10”da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə Dövlət Proqramına müraciət etməsi nəzərdə tutulub.

Bildirmək istərdik ki, “Drexel University” müvafiq siyahıda yer almamışdır. Siyahıda yer alan universitet və proqramlarla aşağıdakı linkdən keçid edərək tanış ola bilərsiniz.
https://dp.edu.az/uploads/fileuploads/2023/11/0599d1ea0c724fb7999659e43658329f.pdf".

Qeys edək ki, ABŞ-ın Drexel universitetinə qəbul olan Mehdi Məmmədov təhsil xərclərini ödəyə bilmir. Kompüter elmləri sahəsi üzrə təhsil alacaq tələbə bildirib ki, Universitetdə maksimum verilən təqaüd 35 700 dollar olduğu üçün, yerdə qalan xərcləri ödəmək onlar üçün çətindir: “Atam bərbər kimi fəaliyyət göstərir, anam isə evdar xanımdır. Ümumilikdə məbləğ 86 000 dollardır. Bütün xərclər, yataqxana, yemək, kitablar və sairə bu ödənişə aiddir. Bizə yerdə qalan 51 000 dolları ödəmək üçün köməklik lazımdır. Mayın 1-nə qədər bu məbləği toplamalıyıq”.

Mehdi Məmmədov 5 proqramlaşdırma və kodlaşdırma dili bilir. 2 il Respublika İnformatika Olimpiadası finalçısı olub. Amerika Səfirliyinin dəstəklədiyi Bakı Amerika Mərkəzində könüllü proqramlaşdırma müəllimi kimi dərslər verib. İştirak etdiyi müsabiqə və yarışlarda qızıl, gümüş medallar qazanıb.

Mehdi ilə yanaşı onunla eyni məktəbdə, eyni sinifdə oxuyan bacısı Qəndab Məmmədova Harvard Universitetindən Astrofizika sahəsi üzrə qəbul alıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti