Mikayıl Cabbarov Tatarıstanın Baş naziri ilə görüşüb

   Mikayıl Cabbarov Tatarıstanın Baş naziri ilə görüşüb
  17 Aprel 2024    Oxunub:1333
Azərbaycan və Rusiyanın Tatarıstan bölgəsi arasında ticarət, nəqliyyat-logistika, energetika, turizm, sənaye, innovasiyalar, KOB və humanitar sahələrdə əlaqələrin inkişafı barədə müzakirələr aparılıb.
AzVision.az xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Azərbaycanda səfərdə olan Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə keçirilən görüşdə aparılıb.

Tərəflər Azərbaycan-Tatarıstan iqtisadi tərəfdaşlığının inkişaf istiqamətləri, sənaye parkları çərçivəsində birgə fəaliyyətin dəstəklənməsi, sərmayələrin təşviqi üçün mövcud potensialdan istifadənin genişləndirilməsi və ticarət əlaqələrinin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Bakıda Azərbaycan ilə Tatarıstan arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. Komissiyanın Azərbaycan tərəfindən həmsədri M.Cabbarov, Tatarıstan tərəfindən isə O.Korobçenkodur.

İclasda Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin, o cümlədən Tatarıstanla bir çox sahələrdə möhkəm dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub. Vurğulanıb ki, iqtisadi-ticarət sahəsində əməkdaşlıq ikitərəfli tərəfdaşlıqda mühüm rol oynayır. Ticarət dövriyyəsinin artırılması üçün hər iki tərəfdə böyük potensial mövcuddur. Tərəfdaşlığın digər perspektivli sahəsi sənaye zonaları üzrə əməkdaşlıq, birgə istehsalın təşkilidir. Bundan başqa, incəsənət, təhsil sahələrində, o cümlədən, tələbə mübadiləsi istiqamətində perspektivlər böyükdür.

Qeyd edilib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri “ağıllı” şəhər və kəndlər konsepsiyası əsasında aparılır.
Bütün layihələr ən müasir texnologiya və standartlar əsasında həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan “yaşıl enerji” zonası elan edilib və bu ərazilərdə alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir.

Tatarıstan şirkətləri Azərbaycanın əlverişli investisiya mühitindən yararlanmağa dəvət olunub.

Tədbirdə təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarına dair təqdimatlar olub.

İclasın sonunda Hökumətlərarası Komissiyasının yekunlarına dair Protokol imzalanıb.

Azərbaycanda səfərdə olan Tatarıstan nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına (AİZ) səfər edib, AİZ-də aparılan işlərlə, yaradılan şəraitlə yaxından tanış olublar. Səfər çərçivəsində Tatarıstan nümayəndə heyətinin İqtisadi Zonaların İnkişafı Agentliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) işgüzar görüşləri, həmçinin “Bakı KOB evi”nə səfəri nəzərdə tutulub.

AzVision.az


Teqlər: İqtisadiyyat-Nazirliyi   Rusiya   Tatarıstan   nazir   görüş  





Xəbər lenti