ARDNF 3 aya 5 milyard dollardan çox gəlir əldə edib

ARDNF 3 aya    5 milyard dollardan çox    gəlir əldə edib
  20 Aprel 2024    Oxunub:1143
Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 5 milyard 268,3 milyon manat, büdcə xərcləri isə 3 milyard 205,4 milyon manat təşkil edib.
AzVision.az ARDNF-ə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 31,1 % az və 2 dəfə çoxdur.

Məlumata görə, I rübdə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 421,4 milyon manat (illik müqayisədə 38,9 % az), o cümlədən, mənfəət neftinin və qazın satışından 2 milyard 645,5 milyon manat (45,2 % az), bonus ödənişləri 775,9 milyon manat (1,4 % çox), tranzit gəlirləri 0,3 min manat (2,7 dəfə az) təşkil edib.

Fondun aktivlərinin idarə olunmasından əldə edilən gəliri 9,8 % azalaraq 1 milyard 846,9 milyon manata enib.

Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 3 milyard 195,3 milyon manat (2 dəfə çox ) vəsait dövlət büdcəsinə transfert edilib.

Yanvar-mart aylarında “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1 milyon manat (16,7 % az), “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 3,2 milyon manat (60 % çox) yönəldilib. ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5,9 milyon manat (15,7 % çox) təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 151,7 milyon manat təşkil edib.

"İlin əvvəlində inflyasiyanın səngiməsi ilə mərkəzi bankların faiz dərəcələrini azaldacağı gözləntiləri yaranmış və nəticədə dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müəyyən enmələr, eyni zamanda səhm bazarlarında müsbət dinamika müşahidə olunmuşdur. Buna baxmayaraq, rüb ərzində inflyasiyanın aşağı düşməsi tempində zəifləmənin izlənilməsi və digər makro-iqtisadi göstəricilər fonunda dövlət istiqrazlarının gəlirlilik dərəcələri rübün sonuna doğru yenidən yüksəlmişdir. Bu amillər inflyasiyanın gözləniləndən daha uzun müddətdə hədəf dəyərinə qayıtması gözləntilərini önə çəkdiyi üçün maliyyə akitvlərinin dəyəri ilə bağlı qeyri-müəyyənlik hələ də davam etməkdədir", - Fondun məlumatında deyilir.

Xatırladaq ki, bu il aprelin 1-nə ARDNF-in aktivləri 57 milyard 372,8 milyon ABŞ dolları təşkil edib ki, bu da, ötən ilin eyni dövrünə nisbətən 2,3 % çoxdur.
AzVision.az



Teqlər:





Xəbər lenti