Zeynəb Xanlarova illər sonra Şuşada - Video

 Zeynəb Xanlarova illər sonra Şuşada -   Video
  11 May 2024    Oxunub:2064
Azərbaycanın Xalq artisti, keçmiş deputat, 88 yaşlı məşhur müğənni Zeynəb Xanlarova işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edib.
AzVision.az xəbər verir ki, Zeynəb Xanlarova Şuşa şəhərində təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışına qatılıb.

Bu, Zeynəb Xanlarovanın işğaldan azad edilmiş Şuşaya ilk səfəri olub. Xalq artisti "Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışında mahnı da ifa edib.



Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda dünyaya göz açıb.

Orta təhsilini 161 saylı orta ümumtəhsil məktəbində alıb. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir.
Zeynəb Xanlarova həm də uzun illər Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Belə ki, o, 1985-ci ildən 2020-ci ilə kimi deputat mandatı gəzdirib.

2020-ci ildə keçirilmiş sonuncu parlament seçkilərində iştirak etməyib.

1996-cı ildə “Şöhrət” ordeni, 2006-cı ildə “İstiqlal” ordeni, 2016-cı ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti