"Dərdimiz bir az yüngülləşdi..." - 31 il sonra meyiti tapılan şəhidin oğlu

 "Dərdimiz bir az yüngülləşdi..." -  31 il sonra meyiti tapılan şəhidin oğlu
  14 May 2024    Oxunub:6496
“Ağdamın işğalından sonra atamdan xəbər ala bilmədik. 31 il hər gün onun yolunu gözlədik. Sonda özü deyil, meyiti gəldi”.
Bu sözləri AzVision.az -a 1993-cü ildə itkin düşən və bu il qalıqları aşkar edilən Ağdam sakini Məhərrəm İsmayıl oğlu Əzizovun övladı Rauf Əzizov deyib.

- Atam 1958-ci ildə Ağdam şəhərində doğulub, orada boya-başa çatıb. Ailədə 3 qardaş olublar. Müharibəyə qədər Ağdamda zavodda çalışıb, ticarətlə məşğul olub. İtkin düşəndə 35 yaşı vardı.- Rauf həmin günləri xatırlayır - Ermənilər hər gün şəhəri atəşə tuturdular. Artıq öyrəşmişdik. Gündüzlər kənddə olurduq, gecələr sakitlik olanda evimizə qayıdırdıq. Sonuncu dəfə atam ailəsini Baş Qərvənd kəndində yerləşdirəndən sonra 5 nəfər kişi ilə bərabər şəhərə qayıtdı. O vaxtı qadın və uşaqları təhlükəli yerlərdən çıxarsalar da, kişilər evlərini, kəndlərini tərk etmirdilər. Atam da bu məqsədlə Ağdama qayıdırdı.

Ailəsi Məhərrəm Əzizovu bir neçə gün gözləsə də, ondan xəbər çıxmayıb. Ağdamın işğalından sonra onu "gördüm" deyən olmayıb. Uzun illərdən sonra bir nəfər onu və yanındakıları gördüyünü bildirib. Deyib ki, Məhərrəmgil Ağdama doğru gedirdilər.

- 31 il hər gün onun yolunu gözlədik. Sonda özü deyil, meyiti gəldi... - deyir Rauf. - Bu illər ərzində anam 4 uşağı ilə birlikdə ümidlə yaşadı. Atamın qalıqları Ağdamın Sarıcalı kəndində tapıldı. Belə başa düşdüm ki, o heç əsir də götürülməyib, elə yerindəcə vurulub.

2014-2015 ci illərdə ailə üzvlərindən DNT nümunəsi götürülüb. Rauf Əzizov deyir ki, tapılacağına daha ümidləri yox idi: -Onun ölümü ilə barışmışdıq. Ancaq çətin idi. Məsələn, yemək yeyirdim, fikirləşirdim ki, görəsən atam sağdırmı, yemək yeyibmi, haradadır? Bəlkə, əsirdir, işgəncə verirlər?..
Aprelin 20-də dövlət qurumundan evimizə zəng edib, atamla bağlı xəbər deyəcəklərini bildirdilər. Aprelin 30-na kimi həyəcandan yata bilmədim. Düşüdüm ki, bəlkə sağdır, xəbəri veriləcək. Ölən ümidimiz bir zənglə dirilmişdi. Eybi yox, heç olmasa meyitini dəfn edə bildik. İndi barı təsəllimiz var. Dərdimiz bir az yüngülləşib”.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti