Xankəndi və Laçının nəqliyyat planı hazırlanıb

   Xankəndi və Laçının nəqliyyat planı hazırlanıb
  14 May 2024    Oxunub:600
"Aparılmış təhlillər əsasında Xankəndi şəhərinin nəqliyyat planının layihəsi hazırlanıb".
AzVision.az xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun Xankəndidə keçirilən iclasında deyib.

"Nəqliyyat planında nəzərdə tutulan şəhərdaxili marşrut xətləri və marşrut sxemi, avtobus dayanacaqlarının sayı və yerləri, şəhərlərarası marşrut şəbəkəsi və marşrutları, eləcə də Xankəndi şəhərində avtovağzalın və avtobus deposunun yaradılması üzrə planlaşdırılan işlər və təkliflər əksini tapıb", - o bildirib,

Onun sözlərinə görə, Laçın şəhərinin Baş Planına əsasən, şəhərdaxili ictimai nəqliyyat xidmətlərinin təşkili məqsədilə nəqliyyat planı hazırlanıb, Şuşa şəhəri üzrə isə işlər davam edir.

İclasda yaxın zamanda məskunlaşması nəzərdə tutulan ərazilərdə, o cümlədən Xocalı və Xankəndi şəhərlərində, Kərkicahan qəsəbəsində və Malıbəyli kəndində zəruri yol-nəqliyyat infrastrukturunun qurulması, ictimai nəqliyyat, sərnişindaşıma və telekommunikasiya xidmətlərinin təşkili məsələləri, mövcud tələbat və imkanlarla bağlı geniş müzakirə aparılıb.

AzVision.az


Teqlər: Xankəndi   nəqliyyat   plan  





Xəbər lenti